Prezident yeni fərman imzalayıb: Tarif Şurasının fəaliyyətində nə kimi dəyişikliklər gözlənilir?backend

Prezident yeni fərman imzalayıb: Tarif Şurasının fəaliyyətində nə kimi dəyişikliklər gözlənilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Tarif Şurası ilə bağlı fərman imzalayıb. Prezident “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb. Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq.

Maraqlıdır, TŞ-nın fəaliyyətində nə kimi dəyişiklər olacaq?

Mövzu ilə bağlı Editor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni Fərmanla Tarif Şurasının strukturunun dəyişdirilməsində məqsəd maliyyələşmə, qərarların qəbulu prosedurlarının çevikləşdirilməsidir:

“Tarif Şurasının qərar qəbul etmək və qiymətləri tənzimləməklə bağlı funksiyaları əvvəlki dövrdəki kimi qalır. Sadəcə strukturu dəyişir”.

İqtisadçı ekspert Elşən Bağırzadə Editor.az-a bildirib ki,  edilən dəyişiklərin mahiyyətinə nəzər saldıqda, bu dəyişikliklərlə daha çox Tarif Şurasına müstəqil qurum imici qazandırmanın hədəfləndiyini görə bilirik:

“Belə ki, edilən dəyişikliklərlə bundan sonra Şuranın ictimai əsaslarla fəaliyyət göstərəcəyi, Şura Katibliyində çalışanların dövlət qulluqçusu sayılmayacağı və Katibliyin möhüründən gerbin götürüləcəyi aydın olur. Ancaq bu fərmanda Şuranın vəzifə və funksiyalarında hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmayıb. Ona görə də Tarif Şurasının bundan sonra da qiymət tənzimləyici funksiyasını indiyə qədər olduğu kimi davam etdirəcəyini qeyd etmək mümkündür”

//Gülnarə Abasova, Editor.az