Prezidentin Əlcəzairə səfəri, Fransanın mövqeyi necə olacaq?-Təhlilbackend

Prezidentin Əlcəzairə səfəri, Fransanın mövqeyi necə olacaq?-Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Noyabrın 1-də prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edib. Prezident bu tədbirə fəxri qonaq qismində dəvət edilib.

Hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Cənab prezident Əlcəzairdə səfərdə olarkən eyni gündə Ermənistan baş naziri Nikol Paşinyan İrana səfər edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib. Onun sözlərinə görə, son dövrlərdə Fransanın Azərbaycana qərəzli mövqeyi hiss olunur: “Xüsusilə Praqada Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş 4 tərəfli görüşdən sonra Fransa prezidenti ölkənin 2-ci kanalına çox qərəzli müsahibə verdi. Bununla da ermənipərəst mövqeyini ortaya qoymuş oldu.

ATƏT-in Minsk qrupu formatında Fransanın həmsədrlik institutunun çox yararsız olduğunu biruzə verdi”. İlyas Hüseynov qeyd edir ki, prezident Əlcəzairə səfər etməklə onların başına gələn fəlakətlərin dünya birliyi tərəfindən cavabsız qalmasına reaksiya verərək həmrəylik nümayiş etdirdi: “Səfəri və xatirə kitabına yazdığı fikirlərlə Əlcəzairə baş sağlığı verdi. Fransa isə törədilən bütün soyqırımları inkar edir. Makronun Əlcəzairdə törədilən soyqırımla bağlı fikirləri ictimaiyyətdə böyük hiddət doğurdu.

Fransanın Azərbaycana qərəzli münasibətinə Rəsmi Bakı iradını bildirir. Eyni zamanda Əlcəzair soyqırımı Xocalı soyqırımı ilə də uyğunluq təşkil edir. Dünya birliyi insanlıq və bəşəriyyət əleyhinə törədilən qırğınlara qarşı tutarlı cavab verməlidirlər. Soyqırım həyata keçirən dövlətlər cəzalandırılmalıdır”.

//Safura Bənnayeva, Editor.az