“İran prezidentinin əsaslı təmirdən çıxmış nəqliyyat vasitəsindən istifadəsi yolverilməz idi”- Elmar Məmmədovbackend

“İran prezidentinin əsaslı təmirdən çıxmış nəqliyyat vasitəsindən istifadəsi yolverilməz idi”- Elmar Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İslam Respublikasının Prezidenti İbrahim Reisinin və digər dövlət rəsmilərinin içində olduğu Bell – 212 helikopterinin Xudafərin körpüsündən Təbriz şəhərinə hərəkət edən zaman Vərziqan yaxınlığında, Dizmar meşə zolağının ərazisində qəzaya uğraması nəticəsində 2 pilot və bir naməlum şəxs daxil 9 nəfər həlak olmuşdur. Təhlükəsizliyin ən yüksək həddə qorunması məqsədilə əsaslı təmirdən çıxmış quru və hava nəqliyyat vasitələrindən prezidentin istifadə etməsinə imkan yaratmaq yolverilməzdir.”

Editor.az xəbər verir ki, bunu prezidentin təhlükəsizlik xidmətinin təşkili və nəzarəti şöbəsinin sabiq rəisi, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansın sədri Elmar Məmmədov deyib.

Elmar Məmmədovun sözlərinə görə, dövlət başçısının təhlükəsizliyi hər bir ölkədə olduqca vacib nüansdır. Və bu səbəbdən, bu vəzifəyə götürülən hər bir namizəd uyğun bilik və bacarığa malik və işinin peşəkarı olmalıdır:

“19 mayda qonşu dövlət İranda baş vermiş qəzanın təfərrüatları dövlət başçısının təhlükəsizliyini təmin edən qurumların yuxarıda qeyd olunan meyarlara cavab vermədiyindən xəbər verir.

Qəzanı araşdıran mənbələr Bell – 212 helikopterinin bu günədək davamlı qaldığını və istənilən hava şəraitində idarə oluna bildiyini qeyd etməsinə rəğmən, qəza baş verən gün helikopterdə radarın olmaması onun maneəni aşkarlaya bilmədiyini göstərmişdir. Nəticədə mənbə çətin meteoşərait vəziyyətində helikopterin baş verən qəzadan yan keçə bilməməsini iddia edir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Bell – 212 helikopterinin 45 illik bir tarixi vardır. Bu qədər illik tarixə sahib olan bu helikopterlər əsaslı təmir olunmuş nəqliyyat vasitələri sayılır. Dövlət başçısının isə əsaslı təmirdən çıxmış nəqliyyat vasitəsindən istifadə etməsinə göz yummaq orda olan təhlükəsizlik xidmətinin zəifliyindən birbaşa xəbər verir. Hadisə baş verən gün bu qərarı, yəni, yüksək vəzifəli şəxslərin daşınması zamanı təhlükəsizliyinin qorunması qərarını verən şəxs bilməli idi ki, dövlət başçısı həmişə birinci kateqoriyalı ehtiyat hissələri ilə uçur, əsaslı təmirdən çıxan nəqliyyat vasitələri bu məqsədlər üçün artıq yararsız sayılır. İstənilən hava şəratində helikopterin uğurlu eniş etməsi mümkündür, lakin, söhbət hazırlıqsız eniş meydançasından gedirsə, nəzərə almaq lazımdır ki, orda, helikopterdə olan heyətdən başqa yardım edəcək köməkçi şəxs yoxdur. Xüsusilə, söhbət dumanlı hava şəratindən gedirsə, bu halda pilot istənilən uçuş manevrlərini dayandırmalı, helikopteri müəyyən hündürlüyə qaldırmalı və uyğun hava şərati olan bölgəyə eniş etməli, ya da qeyd olunan hündürlüyə qaldırıb geriyə dönməli idi. Məlumdur ki, dumanlı hava şəraiti helikopterlər üçün təhlükəli hava şəraiti olaraq qiymətləndirilir.

Baş verənlər hava nəqliyyatını idarə edən pilotun da yüksək vəzifəli şəxsləri daşımaq üçün təhlükəsizlik baxımından kvalifikasiyasız olduğundan xəbər verir. Əlavə olaraq, Bell – 212 helikopterinin texniki pasportuna nəzər salsaq, bu nəqliyyat vasitəsinin yalnız hərbi məqsədlər üçün istehsal edildiyinin şahidi olmuş olarıq. Heyəti 2 pilot, 2 müşahidəçi və 8 əsgər (və ya xərəkdə 6 yaralı) üçün nəzərdə tutulan bu helikopterin sonradan istifadə təyinatının dəyişdirilərək, texniki pasportda olan maddələrin üstündən xətt çəkməklə dövlət başçısının istifadəsinə uyğun olaraq VİP şəraitin yaradılması artıq qanuna zidd hərəkətdir.

Fövqəladə hallarda ekipajı xilas etmək üçün nəzərdə tutulan katapulda bu helikopterdə mövcud deyildisə, mütləq hal idi ki, Dövlət başçısının faciədən xilas edilməsi istiqamətində Prezidentin Təhlükəsizlik Xidmətinin paraşütü idarə etmək üçün ayrılmış xüsusi əməkdaşı heyətin tərkibində yer alsın.
Daha bir şübhəli hal isə, helikopterdə olan şəxslərin təhlükəsizlik məqsədilə beynəlxalq əlaqədən deyil, şəxsi telefon danışıqlarından istifadə etməsi baş verən hadisənin sui-qəsd olmasına işarə olduğunu göstərir.

Son olaraq bir daha vurğulamaq istəyirəm ki, Prezidentin xüsusi mühafizə xidmətində çalışmaq, bu vəzifəni həyata keçirmək, şərəfli iş olduğu kimi, olduqca çətin və məsuliyyət tələb edən işdir”.