Prezidentin köməkçisi Ağdamdan mühüm mesajlar verdi: “Reinteqrasiya prosesi…”backend

Prezidentin köməkçisi Ağdamdan mühüm mesajlar verdi: “Reinteqrasiya prosesi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir. O, bildirib ki, Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir. Ancaq bu yoldan istifadədən imtina etdilər. Əlbəttə, bunun səbəbi sual doğurur. Məlumdur ki, burada niyyət Azərbaycana qarşı beynəlxalq ictimaiyyətdə siyasi manipulyasiya yaratmaqdır. Hətta bəlkə də bu məsələni BMT Təhlükəsizlik Şurasına və digər təşkilatlara daşımaqdır. Amma Azərbaycanın bu iddialara qarşı göstərəcək əsaslı arqumentləri var.

Məlum olduğu kimi, Laçın yoluna alternativ olaraq Ağdam- Xankəndi yolundan istifadəni təklif edib. Avropa İttifaqı da bu təklifi dəstəkləyib. Ermənistan isə hələ ki, destruktiv mövqe sərgiləməkdə davam edir. Ermənistan hərbi-siyasi hakimiyyəti və Qarabağdakı qondarma rejim təxminən bir aydır ki, Xankəndidə humanitar böhranın hökm sürdüyünü iddia edirlər. Onlar buna səbəb kimi, Azərbaycanın Laçın yolunu bağlamasını əsas gətirirlər. Halbuki bu, kökündən yanlışdır.

Məsələ ondan ibarətdir ki, Laçın yolu bağlı deyil. Sadəcə olaraq Azərbaycan əraziyə nəzarət edir və qanunsuz daşınmaların qarşısını alır. Bu, artıq sübut olunub.
Əgər, qondarma respublikada, doğrudan da, aclıq hökm sürürsə və vəziyyət qarşı tərəfin iddia etdiyi kimidirsə, onda niyə alternativ yol təklifimizi qəbul etmirlər? Axı Ağdam- Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınması Xanləndidəki “aclığın” və “ölümlərin” qarşısını ala bilər. Ermənistanın təklifimizi qəbul etməmələri iki səbəblə izah oluna bilər. Ya ermənilər yalan danışır. Ya da humanitar böhran iddiaları hətta həqiqətdirsə, belə, reinteqrasiya prosesinə mane olmaqdan ötrü öz insanlarının ölümünə göz yumurlar. Hər iki variant qarşı tərəfin məkrinin, qeyri-sağlam düşüncəsinin təzahürüdür. Görünür, hazırkı mərhələdə rəsmi İrəvanın əsas prioriteti danışıqlar prosesinə mane olmaqdır.

H. Hacıyev də jurnalistlərə açıqlamasında bu məsələyə toxundu. O, qeyd etdi ki, Ermənistanın addımları sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir. Prezidentin köməkçisinin sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib: “Ona görə də səfərimizi bilavasitə Bərdə-Ağdam-Xankəndi yolundan başladıq. Bu səfər çərçivəsində Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə tanış olacağıq. Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib, dağlıq hissəni Aran hissəsi ilə birləşdirib. Hətta 1972-ci ildə Heydər Əliyevin göstərişi ilə burada dəmiryolu xətti salınıb. Yol mədəniyyət və sivilizasiyadır. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ilk gördüyü iş dövlət başçısının göstərişi ilə ərazilərin bərpasına başladı. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Biz həm də Ermənistan istiqamətinə avtomobil və dəmir yolları çəkirik. Biz maneələr yox, məhz yollar qururuq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır. Eyni zamanda Azərbaycan yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif etmişdi. Hətta Azərbaycanın guya yolları blokladığını iddia etdilər. Halbuki Azərbaycan təkcə avtomobil deyil, dəmir yolları da açır”.

H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur: “Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların konstitusional hüquqlarını təmin edir. Amma Ermənistan Azərbaycanın bu addımlarına cavab vermək əvəzinə, Qarabağda yaratdığı separatçı rejim vasitəsilə proseslərə maneə yaradır. Bu da sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərən məsələdir. Onlar beynəlxalq təbliğata da başlayıblar, amma faydasızdır. Bu gün məsələ BMT Təhlükəsizlik Şurasında da müzakirə olunacaq. Halbuki BMT TŞ-nin 4 qətnaməsi 25 il masa üzərində qalmışdı və Azərbaycan torpaqlarının işğalını müzakirə edə bilməmişdi, amma indi Ermənistanın əsassız iddialarını müzakirəyə çıxarır. Bir daha bildiririk ki, bu yol Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə istənilən humanitar yükün, o cümlədən Azərbaycandan yardımların daşınması üçün açıqdır”.

Bizim mövqeyimiz aydındır: rəsmi Bakı Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiya prosesində israrlıdır. Bu isə təkcə siyasi motivli yox, həm də hüquqi məzmunlu qərardır. Belə ki, bütövlükdə Qarabağ, o cümlədən Xankəndi tarixi Azərbaycan torpaqlarıdır. Deməli, orada kimsə qanunsuz yaşaya bilməz. Bu isə o deməkdir ki, Qarabağdakı etnik ermənilər ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan çıxıb getməlidirlər. Üçüncü variant yoxdur.
Ermənistan hərbi-siyasi hakimiyyəti bu reallığı anlamalı, reinteqrasiya prosesinə mane olmaqdan əl çəkməlidir. Qarşı tərəf başa düşməlidir ki, bu cür cəhdlər birbaşa olaraq sülh quruculuğuna, etimad mühitinin yaranmasına zərbə vurur.

Düşünürəm ki, H. Hacıyev Ağdama səfəri çərçivəsində kifayət qədər mühüm mesajlar verib. Nəinki Ermənistan və qondarma rejim həm də onların havadarları bu mesajlardan dərs çıxarmalıdır.

//Kənan Novruzov, Editor.az