Prezidentin maaşı 17 ildir dəyişmir, deputatlarınkı isə bir neçə dəfə artırılıb – “Dövlət başçısı nümunədir”backend

Prezidentin maaşı 17 ildir dəyişmir, deputatlarınkı isə bir neçə dəfə artırılıb – “Dövlət başçısı nümunədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deputat niyə pis geyinməlidir? Yaxşı geyinməlidir. Xarici səfərə gedəndə heç olmasa orada özünü göstərməlidir, geyimi, maddi vəziyyəti ilə fərqlənməlidir. İndi bizim əmək haqqımız cüzi miqdarda artıb, elə ajiotaj yaradırlar ki, guya 10 min manat olub. Bəziləri deyir 12 min, bəziləri 7 min… Əslində fakt belə deyil axı. Xəcalət çəkirəm, utanıram ki, təhqirə keçirlər. Hansı deputat deyir ki, əmək haqqımız azdır? Heç bir deputat bunu deməyib. Müəyyən fikirlər səsləndiriblər ki, Rusiyadakı deputatlarla müqayisədə bizim deputatların maaşı 3-4 dəfə azdır. Xarici ölkələrdə 20-25 min maaş alan deputatlar var. Nəyə görə xarici ölkəyə gedəndə Gürcüstanın, ya Ermənistanın deputatı yaxşı yerdə yatmalıdır, amma Azərbaycan deputatı aşağı səviyyəli mehmanxanada… Bizim deputatlarımız onlardan fərasətsiz, qabiliyyətsiz deyillər. Deyirlər ki, deputatlar bizneslə məşğul olurlar. Mənim haqqımda dəfələrlə son vaxtlar yazıblar ki, guya böyük fermalarım, qızıl mağazalarım var. Məəttəl qalmışam ki, varsa, bəs bunlar haradadır? Varsa, gedib götürsünlər…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, büdcənin gəlirləri ilə əlaqədar deputatların əmək haqları müəyyən qədər artırılır: “Təkcə deputatların deyil, bir çox qurumların, dövlət qulluqçularının, Ombudsmanın və digərlərinin də əmək haqqı artır. Təəssüf ki, deputatlarla bağlı qərar çox ciddi sensassiya yaradıb, nədənsə insanları qıcıqlandırıb. İstərdim, Azərbaycanın hər bir vətəndaşının maaşı tutduğu mövqeyə görə yüksək olsun. Bəzi adamlar var, təhsil almayıb, heç bir peşəsi yoxdur, amma istəyirlər nazir, deputat olsunlar. Bu gün rəy verirlər ki, niyə mənim əmək haqqım deputatlarınkı kimi yüksək deyil, dolana bilmirəm. Bu insanlar bilmirlər ki, onlar vaxtında oxumalı, sənətə yiyələnməli, iş sahibi olmalı idilər. Bizdə neçə akademik, elmlər doktoru, yüksək ixtisaslı adamlar var ki, hərəsi 2-3 universitet bitirib, nə qədər mərhələdən keçiblər. Yanaşma düzgün deyil. Xalqın elçilərini, deputatlarını belə lağa qoymaq, təhqir etmək dövlətin imicinə, milli mentalitetə, mədəniyyətə ziyandır. Çünki deputat da xalqın oğludur, seçilib. Kimsə müəyyən səhv edə, qabiliyyəti aşağı ola bilər. Bunu ümumiləşdirib, hamının adına yazmaq, rüsvay etmək yolverilməzdir. Bu, müsbət heç nə, heç bir dəyər gətirmir. Elə adamlar tənqid edir ki, onların deputatın nə fəaliyyətindən, nə zəhmətindən, işidən xəbəri var. Deputatlar gedib ölkəmizi Avropa Şurasında, NATO-da və başqa yerlərdə təmsil edirlər. Bu, yüksəklikdir. Təbliğ edib deməkdən ki, Azərbaycan deputatı gedib filan yerdə belə çıxış etdi, həqiqətləri belə yaydı… Bunu deməkdən, deyirlər ki, deputatın maaşı niyə 500 manat artırılıb? Vallah, bu, özümüzə verdiyimiz dəyər deyil”.

T.Rzayev Prezident İlham Əliyevin maaşının illərdir, 15 min manat müəyyən edilməsi, deputatların maaşının isə dəfələrlə artırılması ilə bağlı müzakirələrə belə cavab verib: “Prezident belə etdi, bəs deputat niyə etmir deməsinlər. Biz heç birimiz özümüzü cənab Prezidentlə müqayisə edə bilmərik. Prezident bizim üçün bir nümunədir. Nəinki Azərbaycan üçün, bu gün Prezidentimiz dünya dövlətlərinin başçıları üçün örnəkdir. Həm siyasi baxışlarına, həm bəşəri ideyalarına, həm də həyata keçirdiyi tədbirlərə görə dünyaya nümunədir. Bunu hamımız görürük. Bu gün özümü cənab Prezidentlə müqayisə edə bilmərəm. Heç vaxt… Heç kim də müqayisə etməsin. Müqayisə edən adamların öz ağlı, düşüncəsi yoxdur. Əgər Prezident nümunə göstərirsə, biz nəticə çıxartmalı, yolunu davam etməliyik”.

Qeyd: Seçki Məcəlləsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti 15000 manat məbləğində aylıq vəzifə maaşı alır.