Prezidentin son çıxışı idarəetmədə hansı dəyişikliklərin anonsudur?- Millət vəkilindən ŞƏRHbackend

Prezidentin son çıxışı idarəetmədə hansı dəyişikliklərin anonsudur?- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev yeni təyin olunmuş xüsusi nümayəndə və bir sıra icra başçılarını qəbul edərkən vurğulayıb ki, dövlət məmurları və onların ailə üzvləri sadə həyat tərzi sürməli, xalqa xidmət etməli və korrupsiyadan uzaq olmalıdırlar.

Dövlət başçısı xəbərdarlıq edib ki, bu prinsipləri pozanların aqibəti yaxşı olmayacaq və onlar qanun qarşısında cavab verəcəklər. Prezidentin bu çıxışı ölkədə idarəetmədə şəffaflıq və məsuliyyət tələblərinin daha da sərtləşdirildiyini göstərir.

Maraqlıdır, Prezidentin bu sərt mesajlarından sonra məmurlar bu çağırışlardan hansı real nəticəni çıxarmalı və dövlət idarəçiliyində hansı dəyişiklikləri həyata keçirməlidirlər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin yeni təyin etdiyi xüsusi nümayəndə və icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcını ifadə edir:

“Cənab Prezident çıxışında əslində görmək istədiyi yeni məmur obrazının əsas keyfiyyətlərini sadaladı. Bu keyfiyyətlər şəffaflıq, dürüstlük, ədalət meyarlarına sadiqlik, xalqa xidmət və idarəetmədə yeni yanaşmalarla bölgələrin inkişafına töhfə verməkdən ibarətdir. Hesab edirəm ki, Prezidentin bu çağırışı təkcə yeni təyin olunanlara deyil, ümumilikdə bütün dövlət məmurlarına bir tapşırıq kimi qəbul edilməlidir”.

Deputatın sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan təkcə tarixi Zəfər mərhələsinə deyil, eyni zamanda idarəetmədə və vətəndaş rifahının yaxşılaşdırılmasında da yeni dövrə qədəm qoyub:

“Azərbaycan Prezidenti bu yeni mərhələnin mahiyyətini və istiqamətlərini açıq şəkildə ortaya qoydu. Eyni zamanda bildirdi ki, artıq yüksək ranqlı dövlət məmurlarına heç bir qanunsuz tapşırıq verilə bilməz. Kim qanun pozuntusuna yol verərsə, dərhal cəzalandırılacaq. Biz bunun çoxsaylı nümunələrini son illərdə müşahidə etmişik, hazırda da məmurların korrupsiya əməllərinə görə məhkəmə prosesləri davam edir”.

Hikmət Babaoğlu hesab edir ki, Prezidentin bu çıxışı ölkə idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur: “Bu, dövlət xidmətində dürüstlük, şəffaflıq və məsuliyyət prinsipinin prioritet olduğu bir dövrün başlanğıcıdır”.

// Gülnarə Abasova, Editor.az