Professor: Koronavirusa yoluxmuş xəstələrin qanında virus əleyhinə 250-dən çox anticisim yaranırbackend

Professor: Koronavirusa yoluxmuş xəstələrin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus (COVID-19) infeksiyasının tərkibində 30 mindən çox aminturşusu var. COVID-19 ən uzun RNT genomuna malik virus olduğuna görə sürətli mutasiyaya məruz qala bilməz. Aktiv yoluxdurma dövrü dörd fəsildən çox olmayan bu tipli virus infeksiyalarda hər ay müəyyən genom fərqliliyi göstərən yalnız 2 mutant ştam əmələ gələ bilər. Yəni, hazırda COVID-19-un genom fərgliliyi göstərən ştamlarının ümumi sayı 24-dür. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun ştamlarını yunan əlifbası ilə adlandırmasının əsas səbəbi budur.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

O bildirib ki, həmin ştamların letallıq (ölümcüllük) göstəricisi, həmçinin müalicəyə və peyvəndə dözümlülük xüsusiyyəti COVID-19-dan güclü ola bilməz: “Ona görə də, COVID 19-un öyrənilmiş üç (“beta”, “qamma”, “delta”) və tədqiqatı yekun mərhələdə olan beş ştamı, eləcə də gələcəkdə öyrəniləcək digər 15 ştamın tədqiqi yalnız elmi məqsəd daşıyır, çünki onlar bəşəriyyət üçün çox təhlükəli deyil. Həmçinin hər növbəti ştamın potensial fəallığı əvvəlkindən az olduğuna görə onlar fəsli infeksiya kimi dəyərləndirilməli və profilaktik tədbirlər bu istiqamətdə qurulmalıdır”.

M.Qəniyev vurğulayıb ki, koronavirusa yoluxmuş xəstənin qanında virus əleyhinə 250-dən çox anticisim yaranır: “Onların 28-i infeksiya ilə aktiv şəkildə mübarizə aparır. Digər İgG tipli anticisimlər isə COVID 19-a xüsusi selektivlik göstərərək virusla “birbaşa” vuruşur. Həmin anticisimlərin miqdarı ilə infeksiyanın ağırlıq dərəcəsi arasında birbaşa əlaqə var. Yəni, infeksiyanı daha ağır keçirənlərdə bu anticisimlərin titri daha yüksək olur. COVID-19-dan sağalanların praktik olaraq hamısında üç aydan sonra qoruyucu anticisimlərin titri iki dəfə azalır və bu azalma 6-8 aydan sonra sıfırlanır. Buna görə narahat olmaq lazım deyil. Əvvəla, bu hal orqanizmin özünütənzim mexanizmlərinə istinad edən mütləq qanunauyğunluqdur. İkincisi, DNT və ya RNT əsaslı viruslara birinci yoluxmada, onların genetik surəti hüceyrənin immun yaddaşına birdəfəlik həkk olunur. Qoruyucu İgG anticisimləri ilkin yoluxmada 21-ci gündən, təkrari yoluxma və ya peyvənddən sonra yoluxma zamanı isə 3-cü gündən əmələ gəlməyə başlayır. Ona görə də, COVID 19-a təkrari və ya peyvənddən sonra yoluxma zamanı xəstənin letallığı yalnız sıfırın üstündə ola bilər. Bu hal ümumiyyətlə narahatlığa səbəb olmamalıdır, çünki COVID-19-a təkrari və ya peyvənddən sonra yoluxma riski yalnız 0,002 faizdir”.