Nüvə silahına sahib olan bir rejim — hansı ki, biz buna “molla rejimi” deyirdik, lakin artıq dəyişib, “SEPAH rejimi” də deyə bilərik — dünyanın başına bəla ola bilərdi və zatən bu gün də bəladır. Hörmüz boğazını kəsmək hədələri, digər dövlətləri bombalaması ilə bu rejim təhlükə mənbəyidir”.
Musavat.com xəbər verir ki, bu barədə “Tv Musavat”ın canlı efirində professor Nəsib Nəsibli danışıb.
O qeyd edib ki, nüvə silahı məsələsi illərdir müzakirə olunur və bu amil ya İranın başına bəla olacaqdı, ya da rejim üçün “xilasedici” rolunu oynayacaqdı. Professorun sözlərinə görə, rəsmi Tehran on illərlə danışıqları uzatmaq və ləngitmək yolu ilə nüvə silahına sahib olmaq strategiyasını yürüdürdü. Lakin ABŞ və İsrail daim bunun qarşısını almağa çalışıb, xüsusən də Donald Trampın birinci prezidentliyi dövründə nüvə sazişindən çıxması prosesi sürətləndirib.
Nəsib Nəsibli bildirib ki, hazırkı vəziyyətdə İranın məlum olan demək olar ki, bütün nüvə tədqiqat mərkəzləri vurulub. Buna baxmayaraq, əldə olan 60 faizlik zənginləşdirilmiş uran məsələsi hələ də həll olunmamış qalır. Professorun fikrincə, hətta bu ehtiyatın xüsusi desant əməliyyatı ilə ölkədən çıxarılması ehtimalı da gündəmdədir. O vurğulayıb ki, bu proqramın yenidən bərpası üçün İrana ən azı 5-10 il vaxt lazımdır, çünki təkcə mərkəzlər deyil, həm də mütəxəssis bazası ciddi itkiyə məruz qalıb.
O, həmçinin İranın hərbi gücünün əsasını təşkil edən raket potensialına da toxunub. Bildirib ki, İranın qanadlı və kontinental raket sistemləri xeyli dərəcədə sıradan çıxarılıb. Professorun qənaətincə, bu potensialın zəiflədilməsi birbaşa milli maraqlarımıza uyğundur:
“İranın nüvə və raket potensialının itirilməsi bizim xeyrimizədir. Çünki bu rejim illərdir bizi şantaj edir və təhdid edirdi. Xatırlayırsınızsa, Bakıya yönələn raketlərlə bağlı animasiyalar nümayiş etdirilir, 2001-ci ildə Xəzərdə Azərbaycan gəmilərinə qarşı təzyiqlər olunurdu. O zaman Türkiyə hərbi təyyarələrinin Bakı səmasında nümayişi bu təhdidlərin qarşısını almışdı. Bu gün həmin təhlükə mənbəyinin zəifləməsi regionda təhlükəsizlik üçün mühüm amildir.”
Ətraflı videodan təqdim etdiyimiz hissədə:

