“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası heç bir halda öz fəaliyyətinə uyğun addımlar atmır. Əvvəla bu missiyanın özü legitim deyil. Ona görə ki, Azərbaycan -Ermənistan sərhədindəki müşahidədən söhbət gedirsə, mütləq Azərbaycanın da maraqları nəzərə alınmalı idi”.
Bu fikirləri Editor.az-a Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə Ermənistandakı Monitorinq Missiyasına Kanadanın qoşulması barədə açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycan öz sərhədlərinə hansısa beynəlxalq qurumun monitorinq missiyasının daxil olmasına əsla icazə verməyib:
” Eyni zamanda, bütün regional güclərə bəllidir ki, bu gün Ermənistan ərazilərində Avropa İttifaqının müşahidə missiyası adı altında Rusiya və İrana qarşı casus fəaliyyəti göstərən qüvvələr var. Burada əsasən Fransa kəşfiyyatı ilə alman polisləri fəallıq göstərirlər. Birdən-birə prosesə Kanadanın da qoşulması hesab edirəm ki, Kanadadakı Erməni Milli Komitəsi (ANCA) fəallığı nəticəsində ortaya çıxıb. Kanadanın bu məsələdə iştirakı Ermənistan ərazilərinin növbəti dəfə xarici güclərə peşkəş edilməsidir. Eyni zamanda, erməni lobbisinin təsirinin güclü olduğu Kanadanın Azərbaycanla məsləhətləşmədən hansısa missiyaları təşkil etməsi gülüncdür. Azərbaycanla Ermənistan arasında sərhədlər hələ şərtidir və delimitasiya prosesinin baş tutmamasının ən böyük günahkarı da Ermənistandır”.
//Gülnarə Abasova, Editor.az

