“Dekabrın 3 və 12-də bir qrup azərbaycanlı Laçın dəhlizini “ekoloji” səbəblərə görə bağlayıb, lakin dəhlizin fəaliyyəti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndi ilə müəyyən edilib”. Qeyd edilən fikirlər Ermənistan mətbuatında öz əksini tapıb. 10 noyabr 2020-ci il bəyanatı, ard-arda keçirilən üç tərəfli, dörd tərəfli görüşlər və burada qəbul olunan bəyanatlar hər iki ölkənin üzərinə müəyyən öhdəlik qoyub. Bu günə qədər Azərbaycan bütün şərtlərə əməl etsə də, Ermənistan müxtəlif təxribatlarla, qərəzli fikirlərlə bundan yayınmağı bacarıb. Nə qədər gülünc səslənsə də, heç bir qaydaya əməl etməyən, öhdəlikləri yerinə yetirməyən “çoxbilmiş” Ermənistan Azərbaycanı “9 noyabr 2020-ci il bəyanatının şərtlərini pozmaqda” ittiham edir. Görünən odur ki, yaranmış vəziyyətdən təşvişə düşən Ermənistan sonunda tərəflər arasında imzalanan hər hansı sənəddə qoyulan öhdəliklərin mütləq yerinə yetirilməli olduğunu anlayır, lakin növbə özlərinə gəldikdə eyni fikirdə olmurlar.
Mövzunu Editor.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

“Xüsusilə də erməni silahlılarının ərazilərimizdən çıxarılmaması, Qarabağa azərbaycanlı və türklərdən başqa istənilən ölkənin nümayəndələrinin asanlıqla girib-çıxması birmənalı olaraq birgə bəyanatın şərtlərinin yerinə yetirilməməsidir. Müqaviləni imzalayan üç tərəfdən ikisi, Rusiya və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Azərbaycan da rahatlıqla bu birgə bəyanatdan imtina edərək imzasını geri çəkə bilər. Bu isə hadisələrin 9 noyabr 2020-ci il tarixinə qaytarmağa imkan verər. Həmin gün isə Azərbaycan 72 kəndi düşmən işğalından azad etmişdi. Proseslərin bu məcrada inkişafı isə Ermənistan üçün müsbət vəd vermir. Rusiya sülhməramlılarının isə ərazidən müddətin sonuna qədər çıxarılması da artıq müzakirə mövzusudur”.
//Safura Bənnayeva, Editor.az

