Proseslərdən kənarda qalan İran bunu həzm edə bilmir:”İranın qeyri-konstruktiv mövqeyinə qarşılıq olaraq Azərbaycan….”backend

Proseslərdən kənarda qalan İran bunu həzm edə bilmir: “İranın qeyri-konstruktiv mövqeyinə qarşılıq olaraq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran hər nə qədər rəsmi olaraq Azərbaycana özünü dost ölkə olaraq göstərməyə çalışsa da, İran siyasətinin ana xətlərindən biri daimi “türk düşmənçiliyi”dir. Bunun əsasında isə “fars mərkəzçiliyi” durur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, bildirib ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra Cənubi Azərbaycan İranın nəzarətində olsa da, İranın şimala qarşı iddiaları hər zaman olub:

“1918-ci ildə AXC yarananda İranın xarici işlər naziri Əliqulu xan Bakıda və İstanbulda Topçubaşovla danışıqlarda şimalda yaranan yeni müstəqil Azərbaycanın İrana birləşdirilməsi təklifini irəli sürmüşdü. Paris Sülh Konfransında da İran Azərbaycana qarşı iddialarını açıq şəkildə masaya qoyub. İranın xarici siyasətində yer alan türk düşmənçiliyinin əsasında İranın şimalda qüvvətli Azərbaycan görmək istəməməsi dayanır. Azərbaycan İran üçün təhdiddir. Çünki Azərbaycan İrana coğrafi cəhətdən yaxın olmaqla yanaşı, geostrateji mövqeyi, zəngin təbii resursları ilə regionda fərqlənir. Eyni zamanda, İran orada yaşayan 30 milyon azərbaycanlının müstəqil Azərbaycan dövlətinin varlığından təsirlənərək müstəqillik hərəkatına başlamasından çəkinir. Bütün bu amillər İranı narahat edir. Müstəqil Azərbaycan dövlətinin regionda daha da qüvvətlənməsindən qorxan İran ona görə də daim Ermənistana dəstək verir”.

Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki qələbə ilə Azərbaycan regionda yeni reallıqlar yaratdı:

“Bu möhtəşəm zəfər regionda Azərbaycanla yanaşı, qardaş Türkiyənin də nüfuzunu artırdı. Qarabağ münaqişəsi regionun inkişafına mane  olurdu. Bu maneə Azərbaycan tərəfindən aşılaraq regionun inkişafına şərait yaratdı. Görünür ki, İranı narahat edən əsas məqamlardan biri də məhz budur. Çünki regionda Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsi və bir sıra hərbi əməkdaşlıqların baş tutması İrana sərf etmir. Eyni zamanda, üçtərəfli bəyanata uyğun olaraq kommunikasiya xətlərinin açılması da İranın maraqların uyğun gəlmir. Çünki bununla, Ermənistanın İrandan asılılığı azalmış olur”.

Politoloqun sözlərinə görə Cənubi Qafqazda baş verən proseslərdən kənar qalan İran bunu həzm edə bilmir:

“Ona görə Azərbaycan tərəfinin notalarına baxmayaraq öz çirkin əməlindən əl çəkmək istəmir və Azərbaycanın icazəsi olmadan Ermənistana qanunsuz yolla yardım etməkdə davam edir. Bu birbaşa Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Bunun qarşılığında Gorus-Qafan yolunda Azarbaycan İran yük maşınlarından gömrük və vergi rüsumları almağa başladı. İran bundan hiddətləndi və münasibətlərdə gərginlik artdı. Azərbaycan Xəzərdə Türkiyə ilə birgə keçirdiyi təlimlərlə bağlı sentyabrın 2-də öncədən məlumat vermişdi. Bu təlimlərdə Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlarından az bir qismi iştirak edib və Türkiyəyə məxsus hər hansı freqat Xəzər dənizində yox idi. 2018-ci ilin 12 avqust tarixli Konvensiyanın 3-cü maddəsinə əsasən Xəzər hövzəsində tərəflərə məxsus olmayan silahlı qüvvələr yer almamalıdır. Bu təlimlərdə isə sözügedən maddə pozulmayıb. Konvensiyaya uyğun olaraq təlimlər Azərbaycanın ərazi sularında həyata keçirilib və heç bir dövlətə qarşı deyil. İranın belə boş bəyanatları bölgədə möhkəmlənən Türkiyə-Azərbaycan birliyini qısqanmağından irəli gəlir”.

Z. Zahidov qeyd edib ki, İranın qeyri-konstruktiv mövqeyinə qarşılıq olaraq Azərbaycan regionda qardaş ölkələrlə həyata keçirdiyi hərbi təlimlərin sayını daha da artıracaq. Nəinki Xəzər dənizində elə İran-Azərbaycan sərhədi yaxınlığında da Türkiyə ilə birgə yeni hərbi təlimlər baş tuta bilər.

//Gülnarə Abasova, Editor.az