Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakıda “Mehnur” adlı reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
Bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb. Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Editor.az-a danışan psixoloq Leyla Əli bildirib ki, Baş vermiş hadisəyə görə, məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidir və verəcəklər:

” Uşaqlara, xüsusilə xüsusi qayğıya ehtiyacı olanlara qarşı şiddət yol verilməzdir. Görüntülər insanı dəhşətə gətirir. Çünki bu uşaqlar həyatlarını müəyyən fiziki məhdudiyyətlərlə yaşayırlar. Özünü ifadə bacarıqları sağlam inkişafda olan uşaqlara nisbətən məhduddur. Bu nöqteyi nəzərdən onlara xüsusi diqqət, qayğı və sevgi göstərilməlidir, nəinki şiddət. Yaranmış situasiyanın bir də yaşanma ehtimalının qarşısını almaq üçün psixoloqlar işə qəbul olunmamışdan öncə mütləq psixoloji müayinədən keçirilməlidir. Psixoloji vəziyyəti normalara uyğun olan heç bir şəxs uşaqlara qarşı bu vəhşiliyi edə bilməz. Psixoloq heç kəsin anlamadığı insanları anlamalıdır, nəinki xüsusi qayğıya ehtiyacı olan birinə qarşı amansız olmaq”.
//Gülnarə Abasova, Editor.az

