Rusiya prezidenti Vladimir Putin ABŞ-ı mürəkkəb ölkə adlandırıb və şikayət edib ki, bəzən kənardan kimin necə qərar verdiyini anlamaq çətindir.
Editor.az xəbər verir ki, dövlət başçısı bunu jurnalistin saytında dərc olunan Taker Karlsona müsahibəsində deyib.
“Bunu başa düşmək asan deyil. Seçkilərdə qərarı kim verir? Hər bir ştatın öz qanunvericiliyi olanda, hər bir dövlət özünü tənzimləyəndə, kimisə dövlət səviyyəsində seçkilərdən kənarlaşdırmaq mümkün olanda bunu başa düşmək olarmı?”- deyə Putin bildirib. Dövlət başçısı qeyd edib ki, iki mərhələli seçki sistemini başa düşmək çətindir.
Qeyd edək ki, jurnalist Taker Karlson fevralın 3-də Moskvaya gəlib. Onun Rusiyaya gəlişi Rusiya mətbuatında geniş işıqlandırılıb. Jurnalistin Putinlə müsahibəsinin lentə alındığı Moskva səfəri Qərb mətbuatının da diqqətini çəkib. Münaqişə başlayandan bəri Karlson ABŞ-ı Ukraynaya yardım etdiyinə görə fəal şəkildə tənqid edib və Rusiyayönlü mövqe nümayiş etdirərək, münaqişəni “ruslar öz sərhədlərində Amerika raketlərini görmək istəmirlər” deməklə izah edib.
//Gülnarə Abasova, Editor.az

