“Rusiyanın getdikcə Ukrayna müharibəsində vəziyyəti gərginləşdirmək istəyi əslində cəbhəni genişləndirməklə Ukraynanın silahlı qüvvələrini parçalamaq və müqavimətini qırmaq məqsədi daşıyır. Rusiya təbii ki, mümkün qədər daha çox Ukrayna əraziləri işğal etməyə çalışır”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O bildirib ki, Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ-ın mövqeyinin indiki durumu Vladimir Putinin əl-qolunu açıb:
“Putin cəzasızlığın eyforiyasını yaşayır. Artıq kimsədən və heç nədən çəkinmir. Planlarını genişləndirir. Tək Ukrayna yox, bütün ətraf ölkələri və Avropanı təhdid edir. SSRİ-nin bərpası söyləntilərini artırır və təhlükəli duruma gətirir. Hesab edirəm ki, Ukrayna müharibəsinin gedişində Rusiya lehinə ciddi irəliləyiş olacaqsa, bu, bütün dünya üçün yaxşı heç nə vəd etməyəcək. Ona görə də bunun qarşısı alınmalı, Rusiyaya qarşı ciddi müqavimət cəbhəsi formalaşdırılmalıdır”.
//Gülnarə Abasova, Editor.az