“Ukrayna uğrunda Rusiya-NATO savaşının Kursk və diğər ətraf bölgələrə hücumdan sonra daha şiddətli mərhələyə daxil olacağı və savaşın miqyasının genişlənəcəyi gözlənilən idi. Savaşın Kursk, Belqorod və Braynski vilayətlərinin timsalında rus torpaqlarına keçməsi İkinci Dünya Müharibəsindən sonra bir ilkdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, Ukrayna və Avropa mənşəli muzdlu döyüşçülərin savaşı Rusiya torpaqlarına yaymasına cavab olaraq ruslar da Ukraynanın şərqindən, yəni, Donbass bölgəsindən hücumların şiddətini və miqyasını genişləndirməkdədir:
“Gözdən pərdə asmaq üçün tərəflərin hərdən sülh haqqında danışmasının heç bir real dayanağı yoxdur. Sülhün əlamətləri üfüqdə belə görünmür. Son günlər bəzi Qərb ölkələrinin Ukraynaya təslim etdikləri uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməyə qoyduqları embarqonu götürdüklərini bəyan etmələri sübut edir ki, qarşıda döyüşən tərəfləri çox ağır sınaqlar gözləyir. Çünki Qərbin “uzaqmənzilli raket” təhdidinə Rusiya prezidenti Vladimir Putinin cavabı adekvat və çox sərt oldu. Putin elan etdi ki, əgər NATO ölkələrinə məxsus yüksək dəqiqliyə məxsus raketlərlə Rusiyanın dərinliklərinə hücum edilsə, biz bunu NATO-nun savaşa qoşulması və tərəf olması olaraq qəbul edəcəyik. Eyni zamanda, həmin ölkələr rus raketlərinin legitim hədəfləri olacaqlar. Tərəflərin blef etmədiyi, əslində blef üçün yer qalmadığını nəzərə alsaq, yaxın zaman kəsiyində rus raketlərinin qoca Avropanın başı üzərində uçuşacağını görəcəyik”.
//Gülnarə Abasova, Editor.az