Putin çağırış etdi: Azərbaycan Rusiya-İran sazişlərinə qoşulacaq?-AÇIQLAMAbackend

Putin çağırış etdi: Azərbaycan Rusiya-İran sazişlərinə qoşulacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı qeyd edib ki, Rusiya Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid edir.

“Bu saziş Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə imkan verəcək. Yeni xəttin inşasına elə bu il başlanılacaq”, – deyə o qeyd edib.

Bəs nəzərdə tutulan layihə Azərbaycana hansı imkanları açır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiyanın başının Ukraynadakı münaqişəyə qarışdığı bu ərəfədə Vaşinqton tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini bağlamaq istəyir:

“Yəni, çalışır ki, rəsmi Moskvanın regionda təsirləri sıfıra endirilsin. Brüssel isə tələsmir. Qafqazda nüfuz dairəsini artırmağa, eyni zamanda, yumşaq gedişlərlə Ermənistan tərəfi üçün mümkün qədər əlverişli şərtlər formalaşdırmağa səylər göstərir. Beləcə, sülh danışıqlarının davamlı olmasını istəyir. Moskva isə bir aləmdir. Deyir, hara tələsirsiniz? Siz burda, mən burda. İllər var, əsrlər var. Hələlik, necə varsa, elə də icazə verin qalsın. Mən Qafqazda özüm “sülh” yaradacam. Beləcə, Vaşinqton, Brüssel və Moskva eyni prosesdə bir-birilə mübariz aparır. Tehran da oyuna girmək istəyirdi, başa saldılar ki, sənlik deyil. Ermənistan isə bu 4 paytaxt arasında top kimi yuvarlanır. O ki qaldı, Azərbaycana, deyir mənimçün hansı paytaxtın olmasının fərqi yoxdur. Hara olur olsun, tez olun, qərar verin. Ya sülh sazişini imzalayaq, ya da mən Ermənistanı zorla buna məcbur edəcəm”.

Ekspertin sözlərinə görə, prezident İlham Əliyevin bu gün Moskva səfərində də Azərbaycanın ədalətli mövqeyində dayanacağı şübhəsizdir:

“Amma Moskva görüşü öncəsi Putinin toxunduğu məsələ bir daha yuxarıda qeyd etdiyimi təsdiqləyir. Yəni Putin Ermənistanın sülh sazişinin detallarını qəbul edəcəyinə yox, Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid etdiyini açıqlayıb. Bilirik ki, bir həftə əvvəl Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun bir hissəsinin çəkilməsi haqqında saziş imzalanıb. Bu saziş Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə fokuslanıb. Bu həm İran, həm də Moskva üçün çox önəmlidir. Təbii ki, Azərbaycan üçün də önəmli ola bilər. Amma Azərbaycan üçün daha önəmlisi regionda sülhə nail olmaqdır. Düşünürəm ki, həm Moskva, həm də İran Bakının onların layihələrinə töhfə verməsini istəyirsə, onun təklif etdiyi ədalətli şərtlərin təsbit olunduğu sülh sazişini dəstəkləmələri onların mənəvi və hüquqi borcu olmalıdır “.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə isə sözügedən dəhlizin ilk təşəbbüskarı Azərbaycan olub:

“Rəsmi Bakı Rəşt-Astara dəmiryolunun tikintisi ilə bağlı 2016-cı ildə İrana müraciət etmişdi. Həm İrana qarşı sanksiyaların sərtləşməsi, həm də onun anlaşılmaz və mənasız tutumu bu layihəni o zaman reallaşdırmağa imkan vermədi. İndi Rusiya ilə İranın eyni layihəni imzalanması bu yaxınlarda baş tutdu. Cənub-Şimal dəhlizi açılacaqsa, bu Azərbaycansız mümkün deyil. Rəsmi Bakı körpü rolunu oynamalıdır. Amma hərşey rəsmi Tehranın gələcəkdə atacağı addımlardan asılı olacaq. Eyni zamanda bu layihənin 2028-ci ilə qədər reallaşdırlması nəzərdə tutulub. O zamana qədər geosiyasi dəyişikliklər ehtimalı da layihə ilə bağlı yeni variantların ortaya çıxmasına səbəb ola bilər. Azərbaycan logistik mərkəz olmağa çalışır və bu doğru yoldur. Rəsmi Bakı müxtəlif layihələrdə ölkənin logistik imkanlarından istifadə etməyə cəhd edəcək. Cənub-Şimal layihəsi də bunlardan biridir. Ölkəmiz üçün olduqca sərfəlidir”.

//Safura Bənnayeva, Editor.az