Rusiya prezidenti Vladimir Putinin “Kinjal” MiQ-31K raket daşıyıcılarının Qara dənizdə patrul xidməti həyata keçirməsi ilə bağlı yeni təhdidləri Ukrayna Müdafiə Qüvvələri üçün heç nəyi əsaslı şəkildə dəyişmir.
Editor.az bildirir ki, bu barədə Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Yuri İqnat deyib.
“Ukrayna üçün təcavüzkarın yeni bəyanatı əslində heç nəyi dəyişmir; Rusiya artıq hər gün ölkəmizi müxtəlif növ silahlarla hədələyir. Dəli diktatorun bəyanatına isə onun mətbuat katibi münasibət bildirsə, daha yaxşı olar”, – İqnat bildirib.
O əlavə edib ki, texniki baxımdan Kh-47 “Kinjal” aeroballistik raketinin xüsusiyyətləri Rusiyaya onu Ukrayna ərazisindən həm şimal, həm də şərq istiqamətlərindən buraxmağa imkan verir: “Qara dəniz sadəcə başqa bir istiqamətdir. Eyni zamanda, Rusiya aviasiyası artıq hər gün oradakı hava məkanını, o cümlədən qırıcı və kəşfiyyat təyyarələri ilə patrul edir”.
İqnat həmçinin təklif edib ki, bəlkə də Putinin bu təhdidləri daha çox “Kinjal”ların hədəf zonasına daxil olan NATO ölkələrinə yönəlib. Mətbuat katibi onu başqa bir “Putinin dəhşət hekayəsi” adlandırıb.
//Samir Qurbanov, Editor.az

