“Fransanın mərhum lideri Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Fransa prezidentinin rusiyalı həmkarı ilə bağlı sözlərini şərh edib:
“Fransa Prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha büruzə verib. Makron Rusiya Prezidenti Vladimir Putinin paradoksal şəxs olduğunu belə izah edib: “Onunla görüşəndə pis adam olduğu təəssüratı yaranmır, paradoks bundadır”.
Aydındır ki, daxili hisslərini məharətlə gizlədən Putin istənilən lider kimi qonaqlarını gülərüz şəkildə qəbul edib və beləcə yola salır. Putin Makronun üstünə qışqırıb, “baxarsız başınıza nə oyun açacam” deməliydi? Görünür, Makron gözləyirmiş ki, Putinlə Moskvada və Parisdə saatlarla söhbət edib, gülüb, hətta bir-birlərinə lətifə danışıblarsa, demək, Rusiya prezidenti Ukraynaya qarşı işğalçı müharibə başlamamalıydı. Bu ona bənzəyərdi ki, Fransanın əfsanəvi lideri Şarl de Qol Moskvada Stalinlə görüşdən sonra ətrafındakılara deyərdi ki, “Stalin pis adama bənzəmir”. Halbuki milyonlarla günahsız insanın qətl əmrini verən, İkinci Dünya müharibəsindən əvvəl Hitlerlə anlaşma imzalayan və onunla 1939-cu ildə Polşanı parçalayan Stalin idi və bunu Şarl de Qol bilməmiş deyildi.
Təsadüfi deyil ki, Şar de Qol 1944-cü ildə Moskvada Stalinlə görüşdən sonra xatirələrində bunları yazırdı: “Qarşımda xalqının qanını sovurmağa hazır olan tiran dayanmışdı”.
Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı”.
Teleqraf.com

