Putin müharibə ilə bağlı Azərbaycan və Ermənistandan konkret mövqe istəyir: “Üçtərəfli görüş baş tutacaqsa…”backend

Putin müharibə ilə bağlı Azərbaycan və Ermənistandan konkret mövqe istəyir: “Üçtərəfli görüş baş tutacaqsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-ın “Qarabağ məsələsinin nizamlanması yollarının axtarışı çərçivəsində yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sammitin keçirilməsi mümkündürmü?” sualına cavab olaraq bildirib.O, üçtərəfli görüşün olacağını istisna etməyib.

“Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik. Xarici işlər naziri Sergey Lavrov mayın 12-də Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşüb. Danışıqların gedişində Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrləri müzakirə olunub”, – diplomat vurğulayıb.

Siyasi şərhçi Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, indiki həssas məqamda Rusiya tərəfinin belə bir açıqlama verməsi onun regionla bağlı ambisiyalarından xəbər verir:

“Görünür, Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir. Moskva Bakı ilə İrəvan arasında əlaqələrin tədricən normallaşdığını görür. Odur ki, bir tərəfdən buna mane olmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyana təzyiqlər artırılır. Digər tərəfdən isə Rusiya yenə də vasitəçi olmağa çalışır. Liderlərin mümkün üçtərəfli görüşü barədə proqnoz vermək çətindir. Amma Rudenkonun dediklərindən belə məlum olur ki, bu, Putinin maraqlarına uyğundur. Bu isə Cənubu Qafqazın Kreml üçün əhəmiyyətini göstərir. İkinci bir tərəfdən isə çox güman Putin müharibə ilə bağlı Azərbaycan və Ermənistandan daha konkret mövqelər öyrənmək istəyir. Xüsusilə Kremlin dünyadan tədricən təcrid olunduğunu nəzərə alsaq, indi onun keçmiş MDB məkanı dövlətlərinə daha çox ümid bəslədiyini desək, yəqin, yanılmarıq”.

K.Novruzov qeyd edib ki, qarşıdakı günlərdə Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Kreml sözçüsü Dmitri Peskov da oxşar açıqlamalarla çıxış edə bilər:

“Hər halda dediyimiz kimi, Putin belə bir görüşün baş tutmasını istəyir. Bu nöqteyi- nəzərdən yaxın günlərdə liderlerin telefon danışıqları da gözləniləndir. Nəzərə almaq lazımdır ki, Paşinyan Moskvada səfərdə idi. O, Putinlə görüşüb. Əlbəttə, tərəflər bir çox məsələ ilə yanaşı, regiondakı durumu da müzakirə ediblər. Ola bilsin, qarşıdakı günlərdə Putin bu görüş barədə Azərbaycan Dövlət başçısı İlham Əliyevi məlumatlandırsın. Bütün hallarda əgər üçtərəfli görüş baş tutacaqsa, bu, əvvəlcə liderlər arasında razılaşdırılmalı, konkret tarix müəyyənləşməlidir”.

//Gülnarə Abasova, Editor.az