“Rusiya prezidenti Vladimir Putin imperiya xislətini gizlətmir. Kreml sahibi illərdir açıqlamalarında və yazılarında eyni fikirləri təkrarlayır: “Rusiya torpaqları qarət olunub”, “bolşeviklər özbaşına torpaq paylayıblar”, “özünüzə aid olmayan torpaqlarla Rusiyadan ayrılmamalıydınız”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Vladimir Putin bu fikirləri əsasən Ukraynaya aid işlədir, ancaq onun bu sözlərinin Rusiyanın bütün qonşularına aidiyyatı var:
“Putin etiraf edir ki, Rusiya imperiyasını və ya SSRİ-ni bərpa etmək mümkün deyil. Putin Rusiyanın indiki gücü ilə keçmiş imperiyanı bərpa edə bilməyəcəyini anlayır. Təkcə elə Krımın ilhaqı və müxtəlif separatçılara dəstək Rusiyaya həm siyasi, həm də iqtisadi mənada baha başa gəlir. Görünür, Putin bu açıqlamalarını gənc nəsil üçün deyir ki, gələcəkdə Rusiya güclənərsə, həmin gənc nəsil “itirilən torpaqları” geri qaytarsın. Putin bircə onu anlamır ki, sən başqalarından nəsə qoparmağı arzulayarkən, başqaları də sənin daha çox zəifləməni və parçalanmağını gözləyir. Sən təksən, başqaları isə çoxdur”.
//Gülnarə Abasova, Editor.az

