Aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş bir çox baxımdan diqqət çəkdi. Analitiklərin fikrincə, bu görüş Ermənistanın artıq təkcə regional siyasətin iştirakçısı deyil, həmçinin böyük güclərin rəqabət apardığı strateji meydanlardan birinə çevrildiyini göstərir.
Ermənistanda gedən proseslər həm Rusiya təsirinin, həm də Qərbin maraqlarının eyni vaxtda mövcud olduğu mürəkkəb geosiyasi balans tələb edir.
Bu soyuq qarşıdurmanın nəticəsi nə olacaq? Nikol Paşinyan öz hakimiyyətini qorumaq və seçkilərdə qalib gəlmək üçün hansı strateji addımları atmalıdır?
Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, proqnozlar Paşinyanın seçkilərdə qalib gələcəyini göstərir:
“Təbii ki, seçki prosesini təkcə daxili amillərlə izah etmək olmaz. Xarici müdaxilələr, kiberhücumlar, hibrit təsirlər və digər amillər də nəzərə alınmalıdır. Gözlənilməz bir hadisə baş verməsə, Paşinyan qalib gələcək.
Baxmayaraq ki, Paşinyana qarşı yetərli siyasi qüvvələr mövcuddur, buna rəğmən o, hələ də güclüdür. Geosiyasi vəziyyətə baxanda görünür ki, Cənubi Qafqazda müəyyən proseslər gedir. Rusiyanın regiona təsir imkanları xeyli azalıb. Burada həm Ukrayna faktoru, həm də Qarabağ münaqişəsinin həlli əsas rol oynayır. Yeri gəlmişkən, dünənki görüşdə bu məsələ müzakirə edilib və Paşinyan müvafiq cavabını verib.
Lakin Paşinyanın cavabından belə çıxır ki, Ermənistan Qarabağa görə Rusiyanın Azərbaycanla müharibə aparacağını gözləyirmiş. Bu məqam bir daha göstərir ki, Ermənistanın mövcud sülh gündəliyi Azərbaycanın təsiri əsasında baş tutub. Yəni qələbə həlledici amildir. Paşinyan isə öz xoşu ilə sülhə gəlmək istəmirdi”.

