Ermənistan baş naziri Nikol Paşinyan avqustun 24-də və 29-da Rusiya prezidenti Vladimir Putinə telefon zəngi edib. Danışıqlar əsasında Qarabağdakı son hadisələr, köçürülmə məsələləri, üç tərəfli bəyanatın şərtləri müzakirə olunub.
Ermənistan baş nazirinin düşdüyü çətin vəziyyətdə tez-tez Rusiya prezidentinə zəng vurmasının 44 günlük ikinci Qarabağ müharibəsində şahidi olmuşduq.
İndi isə avqustun 31-i yəni bu gün Brüsseldə Şarl Mişelin rəhbərliyi ilə keçirilən görüşdə bu telefon zənglərinin artmasını təsadüf kimi qiymətləndirmək olarmı? Bu danışıqlar Brüssel görüşündə Ermənistana nə vəd verir?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, əhəmiyyətli bir görüş ərəfəsindəyik və bu müddət ərzində Ermənistan baş nazirinin üç tərəfli bəyannaməsinin təminatçısı olan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı şübhəsiz ki, gündəm məsələlərinin müzakirə olunduğundan xəbər verir:
“Eyni zamanda məlum məsələdir ki, Ermənistan müxtəlif metod və üsullarla 10 noyabr 2020-ci il bəyanatının müxtəlif bəndlərini manipulyasiya etməyə cəhd göstərir. Bu istiqamətdə öz lehinə şərtlər təmin etməyə çalışır. Bu görüşlərdən sonra Rusiya tərəfinin yaydığı rəsmi məlumatlarda üç tərəfli bəyanatın bütün şərtlərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilir. Bütün hallarda Rusiya Paşinyanı etibarsız, sürüşkən bir tərəfdaş kimi görür. Brüsseldə hansı addımları atacağını əvvəlcədən aydınlaşdırmağa çalışır. Bu da Rusiya Federasiyasının Ermənistan baş nazirinə olan etimadsızlığının göstəricisi hesab edilə bilər”.
Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda mümkün sülhün inşası ilə bağlı Rusiyanın öz baxışları var:
“Bu baxışlar üç tərəfli bəyannamədə öz əksini tapıb. Amma Qərbin xüsusəndə ABŞ və Fransanın fərqli planları var. Əsas məsələ ondan ibarətdir ki, Brüssel görüşünə Azərbaycan tərəfi üstün mövqelərlə gedir. Azərbaycan Şərqi Zəngəzurda öz suveren hüquqlarını təmin edib, Laçın, Zabux və Susu öz nəzarətinə keçirib. Eyni zamanda “Qisas” əməliyyatı ilə erməni radikallarına və revanşistlərinə yaxşı bir dərs verib. Bu kontekstdən çıxış edərək Brüsseldə keçirilən görüş irəliyə doğru mümkün addımların atılması üçün bir fürsət ola bilər”.
//Safura Bənnayeva, Editor.az

