Qonşularına qarşı heç bir pis niyyətlərinin olmadığını bildirən Rusiya prezidenti Vladimir Putin digər ölkələri də Rusiya ilə münasibətləri pisləşdirməməyə çağırıb.
Editor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığından bəhs edərkən deyib.
Marşal Rokossovskiy” gəmisinin bayraq qaldırma mərasimində iştirak edən Putin bildirib ki, Rusiya qonşularına qarşı heç bir qərəzli niyyət güdmür.
“Nə qədər çətin olsa da, biz təkmilləşməyə davam edəcəyik. Biz bütün ölkə ərazisində və təbii ki, Baltikyanı, Arktika və Uzaq Şərq regionlarında nəqliyyat və logistika infrastrukturunu gücləndirəcəyik. Heç kəs Rusiya ilə əməkdaşlıq etmək istəməsə belə, istənilən halda qarşımıza çıxan vəzifələri yerinə yetirəcəyik və qalib gələcəyik. Yenə də vurğulamaq istəyirəm ki, bizim qonşu ölkələrə qarşı heç bir pis niyyətimiz yoxdur, onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edirəm. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və bundan sonra da edəcəyik. Biz vəziyyəti gərginləşdirmək və ya münasibətlərimizi daha da pisləşdirmək üçün heç bir səbəb görmürük. Bizim bütün hərəkətlərimiz yalnız Rusiyaya qarşı hansısa qeyri-dost addımlara cavab olaraq həyata keçirilir”.
//Gülnarə Abasova, Editor.az

