Putin səhnədən gedir?- Medvedev yenidən hakimiyyətə gələ bilər- Təhlilbackend

Putin səhnədən gedir?- Medvedev yenidən hakimiyyətə gələ bilər- Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Rusiya lideri Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

O, bu barədə dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib. Seçkilər martın 17- də keçiriləcək. Putin qalib gəlsə, beşinci dəfə prezident olacaq. Amma o, bunu bacaracaqmı? İndi əsas sual budur.

Putin əsas namizəddir. O, açıq şəkildə olmasa da, kampaniyasına artıq başlayıb. Putinin seçki kampaniyasının əsas elementi “neonasistləri ölkədən təmizləmək” və NATO- ya qarşı mübarizədir. Yəqin ki, Putinin və digər rəsmilərin bundan sonrakı çıxışlarında əsas mövzu məhz NATO- ya qarşı mübarizə olacaq. Putin xalqını Rusiyanın dünyanın ən güclü dövlətləri ilə mübarizə apardığına və rəqabətdən daha güclü çıxacağına inandırmağa çalışacaq.

Hazırda Putinə alternativ lider görünmür. Yalnız Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədrinin müavini, Putinin yaxın dostu Dmitri Medvedev də hakimiyyətə gələ bilər. Onlar dövlət başçısı postunda indiyədək bir – birilərini bir neçə dəfə əvəz ediblər. Medvedevin hakimiyyətə gəlməsi də, yəqin ki, Putinin iradəsinə uyğun olacaq. Rusiya qapalı dövlətdir. Seçkilərin tam şəffaf keçiriləcəyi şübhəlidir. Əksinə, seçkilərin nəticəsinə müdaxilə imkanı var. Putinin hakimiyyətdə qalacağı yoxsa, onu Medvedevin əvəz edəcəyi xeyli dərəcədə hazırkı proseslərin inkişafından, o cümlədən daxili ictimai rəydən asılıdır.

Qarşıdakı aylarda müharibədə baş verənlər seçkilərin nəticəsinə birbaşa təsir edə bilər. Amma seçkilərin nəticəsinin ciddi dəyişikliyə səbəb olacağını düşünmürəm. Onsuz da Putin də, Medvedev də aşağı – yuxarı eyni siyasəti aparır. Sözsüz ki, ABŞ – Rusiya mübarizəsi bundan sonra da davam edəcək, hətta, ola bilsin, daha da güclənəcək. Müharibənin isə seçkilərə qədər başa çatması ağlabatan görünmür.

//Kənan Novruzov, Editor.az