“Son günlər erməni separatçılarının Xankəndidə yerləşən qır-qırıntılarının təşviş içərisində olduqları açıq-aşkar görünür. Həm daxildə, həm də Ermənistan rəhbərliyi ilə separatçılar arasında müəyyən ziddiyyətli bəyanatların səslənməsi də münasibətlərin soyuqluğunu aşkara çıxarır”.
Bu fikirləri Editor.az-a politoloq Ramiz Alıyev Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın bölgədəki “gərgin vəziyyətlə” bağlı Rusiya prezidenti Vladimir Putinə məktub yazmasını və bunun cavabsız qalacağı təqdirdə, separatçıların müəyyən təkliflərlə çıxış edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağdakı separatçılar və liderlərindən öz mənafeləri üçün istifadə ediblər:
“Onlara bu günə qədər boş vədlər verilib. Rəsmi İrəvan da yaxşı bilir ki, Azərbaycan heç vaxt öz ərazilərində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək. Həmin separatçılar və Ermənistan hakimiyyəti xaricdən alınan yardımları, ianələri öz aralarında bölüşdürürdülər. Beləliklə əhali də səfalət içərisində yaşayırdı.İndi də separatçılar fərqinə vardı ki, rəsmi İrəvan onlara verdiyi vədlərə əməl etməyəcək. Ermənistan Azərbaycan ərazilərində hansısa erməni dövlətinin yaranmasına yol verə bilməz. Çünki 44 günlük Vətən müharibəsi ilə layiqli cavabını alıb “.
Politoloqun fikrincə, bu gün separatçı qüvvələr xarici tərəfdaşlar üçün də əhəmiyyət kəsb etmir: “Bundan hiddətlənən separatçılar da dünya liderlərinə üz tutmağa başlayırlar. Bu liderlərdən biri də Rusiya prezidenti Vladimir Putindir. Lakin Putin bu kimi müraciətlərə cavab verməyəcək. Çünki bu müraciət ağılasığmazdır. Qarabağdakı separatçı qrupun lideri Arayik Artunyan çıxışı zamanı da qeyd edib ki, əgər Rusiya lideri susqunluq nümayiş etdirərsə, artıq öz şərtlərini irəli sürəcəklər. Həmin şərtlər əslində təhdid xarakteri daşıyır. Həm Ermənistanı, həm Rusiyanı, həm də digər havadarları şantaj etməklə məşğuldurlar. Onlar qeyd edirlər ki, tələbləri cavabını tapdığı müddətdə Azərbaycanla dialoqa razılıq verəcəklər. Qondarma qurumun liderləri anlayırlar ki, yolun sonuna gəliblər və özlərini sudan quru çıxartmaq istəyirlər. Lakin bu da mümkün deyil. Çünki əhali başa düşür ki, 30 il müddətində onları aldadıblar. Göndərilən ianələrdən sui-istifadə edərək öz maraqları daxilində bəhrələniblər “.
//Safura Bənnayeva, Editor.az

