Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukrayna üzrə təqdim etdiyi planın son versiyası barədə yeni detallar açıqlayıb.
Müzakirə dayanıb
Putin bildirib ki, Moskva Vaşinqtonun göndərdiyi sənədi — 28 maddəlik “müasir, yenilənmiş versiyanı” — əldə edib. Lakin sənəd predmet səviyyəsində Rusiya ilə müzakirə olunmayıb:
“Plan bizdədir, amma ABŞ onu bizimlə müzakirə etmir. Çünki Ukrayna hələ də bu təklifə razılıq verməyib”.
Putin əlavə edib ki, sözgedən sənəd onun ABŞ Prezidenti Donald Tramp ilə Alyaskada keçirdiyi danışıqlarda müzakirə olunan razılaşmanın modernləşdirilmiş variantıdır.
“Moskva razılıq verdi, Kiyev imtina etdi”
Rusiya lideri bildirib ki, Ankoric danışıqlarında ABŞ Rusiyadan “müəyyən kompromislərə getməyi” istəyib və Moskva bununla razılaşıb. Lakin:
“Görüşdən sonra yaranan pauza ABŞ-dan yox, Ukraynanın plandan imtina etməsindən qaynaqlandı”.
Rusiya danışıqlara hazırdır
Putin deyib ki, Moskva diplomatik yolla həll variantına açıqdır. Eyni zamanda Rusiya ordusunun cəbhədəki irəliləyişi də Kremlin maraqlarına cavab verir:
“Biz danışıqlara hazırıq, amma Kupyansk və digər istiqamətlərdə mövcud dinamika bizi də qane edir”.
Kupyanskın real durumu
Putin qeyd edib ki, 4 noyabr tarixinə Kupyanskın demək olar ki, tam nəzarətə götürüldüyünü bəyan etsə də, açıq mənbələrdə vəziyyət bir qədər fərqli görünür:
Kupyansk istiqamətində ciddi dəyişiklik yoxdur, şəhər tam olaraq tərk edilməyib.
Rusiya qüvvələri daha çox Pokrovsk istiqamətində irəliləyiş əldə edir.
Musavat.com

