Putindən ilk: Açıq iclas, açıq hədə – Rusiya doğrudanmı çökür?backend

Putindən ilk: Açıq iclas, açıq hədə – Rusiya doğrudanmı çökür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az  axar.az-a istinadən şeyx Teymurun yazısını təqdim edir:

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Təklükəsizlik Şurasının nüvə strategiyası ilə bağlı müzakirəsini ilk dəfə olaraq açıq keçirdi: müzakirə başlayan kimi dərhal əlindəki kağızdan nüvə silahı tətbiqindəki “yeni paketi” – nüvə doktrinasına dəyişiklikləri elan etdi.

Yeni doktrinada nələr vardı?

Rusiya bundan sonra düşmənin hətta adi silahlardan istifadə edərək, “ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə” nüvə silahına əl ata bilər. Putin detalları da açıqladı: Nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü, aerokosmik hücum silahlarının (strateji və ya taktiki təyyarələr, qanadlı raketlər, dronlar, hipersəs və s.) kütləvi şəkildə buraxılması və onların dövlət sərhədini keçməsi barədə etibarlı məlumat əldə etdikdə nüvə zərbəsi ilə cavab veriləcək. Bura Belarusa hücum cəhdi də daxildir.

Həmin gün eyni zamanda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan şəxslərin məhkəmə prosesinin və ya istintaqının dərhal dayandırılacağı haqda qanun da təsdiqləndi. Başqa sözlə, müharibəyə getmək istəyən hər hansı cinayətkarın həbsindən imtina edilir, onun cinayət işinə xitam verilir.

Bu, Rusiyanın orduya cəlb etmək üçün cinayətkarlardan və müttəhimlərdən istifadə etməsi məcburiyyətində qaldığı və bunun qanuniləşdirdiyini təsdiqləyir. Cinayətkara müharibəyə getməyi “şans kimi” təqdim etmək və onları azad etmək təhlükəli tendensiyadır – elə nüvə doktirinasına dəyişiklik də.

Bütün bunlar Rusiyanın müharibənin ağırlığını hiss etməsi, iqtisadi, hərbi zərbələrinin öhdəsindən gəlməkdə zorlanması anlamına gəlir.

Dünyaya meydan oxuyan Kreml Kurska girən Ukrayna qüvvələrini ərazisindən çıxara bilmir; Ukrayna dronları artıq Həştərxanda, hətta 2600 km uzaqlıqdakı Murmansk hava limanının fəaliyyətini iflic edir – bu isə o deməkdir ki, 1000 km məsafədən çox uçan və Rusiyanın HHM sistemlərindən yayınmağı bacaran PUA-ların öhdəsindən gəlmək getdikcə çətinləşir; F-16-ların il sonuna qədər artacağı və Ukraynada hava məkanını nəzarətə götürəcəyi ehtimalı güclənir; Qərbin Ukraynaya öz uzaqmənzilli silahları ilə zərbələr endirməsinə razılıq verəcəyi də şübhəsizdir…

Beləliklə, müharibə Ukraynanın qələbəsi ilə başa çatmaya da bilər, ancaq Rusiyaya ilin sonuna qədər endirilən zərbələrin sayının artacağı və bunun ciddi fəsadlara yol açacağı ehtimalı yüksəkdir – əks halda ötən gün bu qədər həyəcanla iki dəyişiklik qəbul edilməzdi.