Putindən MAKSİMAL TƏLƏBLƏR: Növbəti danışıqlar masasında NƏLƏR BAŞ VERƏCƏK?backend

Putindən MAKSİMAL TƏLƏBLƏR: Növbəti danışıqlar masasında NƏLƏR BAŞ VERƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mənbələri bildirib ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir. Bundan əlavə, Rusiyanın tələbləri arasında aşağıdakılar var:

– Ukrayna üçün neytral status;
– bəzi Qərb sanksiyalarının ləğvi;
– dondurulmuş aktivlər məsələsinin həlli;
– Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.

Putin həmçinin ərazi məsələsində də qəti mövqe sərgiləyir. İndi o, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil

Politoloq Oqtay Qasımov məsələ ilə bağlı Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin NATO ilə bağlı mövqeyi yeni deyil:

“Bu mövqe hələ 2007-ci il Münxen Təhlükəsizlik Konfransında Vladimir Putinin çıxışında səsləndirilib. O zaman da Putin NATO-nun Şərq doğru genişlənəcəyi halda Rusiyanın buna kifayət qədər sərt cavab verəcəyi ilə hədələmişdi. Bunun ardınca Rusiyanın Gürcüstanın iki bölgəsini Abxaziya və Cənubi Osetiyanın işğalı faktı ilə rastlaşdıq. Bunun ardınca Ukraynada Krım və Donbassda baş verən hadisələr və işğal hərəkətləri də məhz o zamankı mövqeyin davamı kimi dəyərləndirilməlidir”.

Politoloq hazırda Putinin sülh üçün irəli sürdüyü tələblərə də toxunub:

“ABŞ, Qərb və dünyanın əksər dövlətləri Rusiya-Ukrayna Savaşının durmasını, atəşkəsin olmasını arzulayır. Sadəcə olaraq Rusiya tərəfi hədindən artıq ciddi və qəbuledilməz şərtlər irəli sürməklə danışıqlar prosesini çətinləşdirir. Qərbdən Gürcüstan, Ukrayna və Moldovanın NATO-ya üzv olmayacağı ilə bağlı yazılı təminatlara gəlincə hazırki mərhələdə Qərb bu məsələdə ortaq mövqe sərgiləyə bilər. Faktiki olaraq 20 ildən artıqdır ki, bu bölgələr NATO-ya üzvlüklə bağlı cəhdlər göstərirlər, ancaq məhz qərb dövlətləri xüsusilə də Aİ-nın iki aparıcı ölkəsi olan Fransa və Almaniya bunun əleyhinədirlər. 2008-ci ildə əslində Gürcüstanla Ukrayna NATO-ya üzvlük statusu ala bilərdilər ki, o zaman Fransa və Almaniya buna mane oldular. Hal-hazırda ABŞ-ın hazırki administrasiyası da NATO-nun genişlənməsində maraqlı deyil. Bu səbəbdən bu üç ölkənin NATO üzvlüyü ilə bağlı məsələdə kompromisə gəlmək mümkün ola bilər”.

O.Qasımovun sözlərinə görə, Qərbin Rusiyaya qoyduğu sanksiyaların ləğvi yalnız qalıcı atəşkəs əldə olunduqdan sonra və Moskva maksimal tələblərindən geri çəkildikdən sonra baş verə bilər:

“Həmçinin Ukraynada rusdilli əhalinin müdafiəsi məsələsi Rusiyanın keçmiş postsovet ölkələrinə qarşı əslində istifadə etdiyi manipulyativ bir amildir. Belə ki, Rusiya üçün bu, həssas mövzulardan biridir. Rusiya aqressiyası baş verməyənə qədər Ukraynada rusdilli əhalinin hüquqlarının pozulması ilə bağlı hansısa məsələdən söhbət gedə bilməzdi. İndi də bu pozuntular yoxdur. Faktiki olaraq Rusiyanın özünün hazırda savaş apardığı bölgələr rusların daha çox yaşadığı vilayətlərdir ki, onlarım da dağıldılması məhz Rusiya tərəfindən həyata keçirilir. “Rusdilli əhalinin müdafiəsi” tezisi Rusiyanın keçmiş postsovet ölkələrinə təzyiqi kimi nəzərə alınmalıdır. Rusiya maksimal tələblər irəli sürməklə gələcəkdə danışıqlar masasında daha çox şərtin yerinə yetirilməsinə nail olmaq istəyir. Əlbəttə ki, bu tələblərin nə qədər hissəsinin qəbul olacağının gələcəkdə şahidi olacağıq. İyunun 2-də İstanbulda Rusiya-Ukrayna nümayəndələrinin növbəti görüşünün keçiriləcəyi ilə bağlı artıq məlumatlar yayılıb. Rusiya faktiki olaraq ABŞ-ın vasitəçiliyindən imtina edərək ikitərəfli formatda danışıqlar aparmağa qərar verib. Ona görə ki, Rusiya ABŞ-ın əli olmasa Ukraynaya daha çox təzyiq edəcəyini düşünür”.

//Gülnarə Abasova, Editor.az