Putindən mühüm açıqlama: ABŞ-la münasibətlərin bərpası mümkündür, amma…backend

Putindən mühüm açıqlama: ABŞ-la münasibətlərin bərpası mümkündür, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib ki, ölkəsi ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır. Putin Rusiya – ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: “Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır”.

Siyasi şərhçi Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, bu gün dünyada bir neçə əsas supergüc var. O bildirib ki, onların arasında ABŞ və Rusiya xüsusi yer tutur:

“Artıq bir neçə ildir ki, tərəflər arasında münasibətlər kifayət qədər gərgindir. Ukraynadakı müharibə ilə bu gərginlikdə yeni mərhələ başlanıb. ABŞ- da keçirilən prezident seçkilərində Respublikaçı Donald Trampın qalib gəlməsi həm Ukraynadakı müharibənin perspektivi, həm də Rusiya ilə münasibətlərdə yeniliklər vəd edir. Nəzərə almaq lazımdır ki, Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ- Rusiya münasibətləri indikinə nisbətən daha yaxşı idi. Yəqin ki, Tramp andiçməsindən sonra da əvvəlki münasibəti bərpa etməyə çalışacaq. Bunu Kremldə də anlayırlar. Putin başa düşür ki, Trampla işləmək daha asan olacaq. Rusiya prezidentinin açıqlaması da bu konteksdən qiymətləndirilməlidir.

İkinci bir tərəfdən, Rusiya artıq yorulub. Rəsmi Moskva getdikcə sivil dünyadan təcrid olunur. Rusiya başa düşür ki, perspektivdə ABŞ la münasibətlərin gərgin qalması yaxşı nə isə vəd etmir. Ona görə də Moskva Vaşinqtonla gərginliyin azalmasına çalışır”.

K.Novruzovun sözlərinə görə, ABŞ – Rusiya gərginliyinin artması perspektivdə üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması ilə nəticələnə bilər:

“Rəsmi Moskva bunda maraqlı deyil. Bu baxımdan Putinin dediklərini də Trampa mesaj kimi qiymətləndirmək olar. Düşünmək olar ki, Tramp dövründə Moskva ilə Vaşinqton arasındakı “soyuq küləklər” səngiyəcək”.

//Gülnarə Abasova, Editor.az