“Putinin aşpazı” məxfi bilgiləri Ukraynaya ötürüb? – Kreml silkələnirbackend

“Putinin aşpazı” məxfi bilgiləri Ukraynaya ötürüb? – Kreml silkələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə bağlı ciddi iddialar səsləndirilir. ABŞ Müharibə Araşdırmaları İnstitutu isə Priqojini Ukrayna kəşfiyyatı ilə əlaqədə olmaqda, məxfi məlumatları Kiyevə ötürməkdə ittiham edib. 

Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqunu və onun müavinlərini tənqid etməsi də bu iddiaları gücləndirir.

Maraqlıdır, Priqojin casus ola bilərmi? Bu ssenari nə dərəcədə mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Kreml, çox güman ki, Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır:

“Amma onu asanlıqla “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdıra və başqası ilə əvəz edə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir.

Məlum olduğu kimi, daha əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyini sərt tənqid etmişdi. O bildirmişdi ki, lazımi qədər silah-surat təmin edilməsə, “Vaqner” Baxmut şəhərindən çıxacaq.

Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında ziddiyyət var. Və bu gərginlik getdikcə artır. Əvvəllər də dediyimiz kimi, Rusiya hərbi elitası artıq Ukrayna ordusu ilə yox, bir-biriləri ilə mübarizə aparır. Bunun əsas səbəbi isə müxtəlif cəbhələrdəki, o cümlədən Baxmutdakı uğursuzluqdur. Rusiya Müdafiə Nazirliyi və “Vaqner” bu uğursuzluğa görə bir-birilərini günahlandırırlar. Bu isə ölkə daxilində təkcə hərbi yox, həm də siyasi gərginliyə səbəb olur.

Rusiya hakimiyyəti bir müddətdən sonra Müdafiə Nazirliyi ilə “Vaqner” arasında qərar verməli olacaq. Çünki məlum ziddiyyət birbaşa Prezident Vladimir Putinin ambisiyalarına mane olur. ABŞ İnstitutunun yaydığı məlumat onu deməyə əsas verir ki, artıq proses başlayıb. Qərb analitiklərinin fikirlərinə istinad etsək söyləyə bilərik ki, hakimiyyət Müdafiə Nazirliyinə üstünlük verir”.

Kənan Novruzov

Ekspert bildirib ki, hakimiyyətin Müdafiə Nazirliyinə üstünlük verməyinin bir neçə əsas səbəbi var:

Birincisi, Müdafiə Nazirliyi rəsmi dövlət qurumudur və birbaşa Kremlə tabedir. “Vaqner”i isə hakimiyyətə bağlayan bir şey yoxdur. Deməli, hakimiyyət üçün nazirliklə işləmək daha etibarlı variantdır, nəinki “Vaqner”lə.

İkincisi, Müdafiə Nazirliyinin imkanları və təsir gücü daha çoxdur. Bu isə o deməkdir ki, hakimiyyət “Vaqner”ə görə nazirlikdən imtina etsə, bu, ciddi daxili kataklizmlərlə, o cümlədən hərbçilərin çevriliş cəhdi ilə nəticələnə bilər.

Bu baxımdan Rusiya hakimiyyətinin Müdafiə Nazirliyindən üz döndərəcəyi ağlabatan görünmür.
Düşünürəm ki, Müdafiə Nazirliyi ilə “Vaqner” arasında gərginlik artan templə davam edəcək. Gələcəkdə Priqojinin “səhnədən çıxarılması”, ona qarşı sui-qəsd təşkil edilməsi mümkündür”.