Putinin Ermənistana səfəri- “Moskva qərar verməkdə tələsmir”-ŞƏRHbackend

Putinin Ermənistana səfəri- “Moskva qərar verməkdə tələsmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin Ermənistan səfəri Cənubi Qafqazda sadəcə epizodik dəyişikliyə səbəb ola bilər”.

Bu fikirləri Editor.az-a Rusiya prezidentinin İrəvana səfərini şərh edən politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, bu günə qədər KTMT-ə üzv olan ölkələrdən rəsmi İrəvanın öz xeyirinə istifadə etmək cəhdlərinin hər birinin uğursuz olması haqqında kifayət qədər real faktlar mövcuddur: “2018-ci ildə Belarus-Ermənistan arasında KTMT ilə bağlı baş verən gərginliyə Lukaşenkonun Paşinyana şəxsi münasibəti də əlavə olmaqla, iclaslar zamanı sosial mediada da gündəm olan, Paşinyanı qarşısına alıb sözə baxmayan uşaq kimi təmbehləməsi də hər kəsə məlumdur. Qazaxıstanın, Qırğızıstanın nəinki hərbi dəstək, siyasi təminat, heç sözdə belə dəstək verməmələri də bura daxildir. Bütün bunları cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən beynəlxalq mövqelərimizin güclü olduğunu da əlavə etməklə bildirdi. Dövlət başçımız onu da aydın vurğuladı ki, KTMT-ə üzv olmasaq belə orda dostlarımız Ermənistanınkından daha çoxdur. Dəfələrlə olub ki, Ermənistan üzv ölkələrlə Azərbaycanı üz-üzə qoymağa çalışsın, lakin buna nail ola bilməyib”.

Şəbnəm Həsənovanın fikrincə, bir neçə təşkilati məsələlərə də baxılacağı gözlənilən sammitdə  Ermənistanın bu dəfə saman çöpündən yapışar kimi, ya da “dənizə düşən ilana sarılar” misalı kimi ümid etdiyi məsələ Putinin İrəvana gəlişidir ki, düzü, bundan da istifadə edərək əsaslı bir şeyə nail ola bilməyəcək: “Rusiyanın özü də Ermənistana veriləcək hərbi və siyasi dəstək baxımından bundan daha artığını edə bilmir, etməsi üçün daxildən və xaricdən qaynaqlanan səbəblərdən əl-qolu yığılır, lazım gələndə də məhdudlaşdırılır. Lakin realist yanaşsaq Putinin hansısa ümidlər verəcəyini də istisna etmək olmaz, amma bu da sözdən, ya da vasitəsli olsa belə təxribatların qızışdırılmasına dəstəkdən o yana keçə bilməyəcək. Odur ki, səfərin özü həlledici olmamaqla məhdudlaşacaqsa, veriləcək vədlər də reallığa çevrilməsi mümkün olmayacaq ümidlərlə kifayətlənəcək. Digər tərəfdən də baxanda KTMT lazım biləndə göndərilir. Bu da məhz Rusiyanın özünə lazım olanda. Qazaxıstanda baş verən hadisələr, Qırğızıstanla Tacikistan arasında alovlanmadan bitən münaqişə təcrübəsi bizə çox şey deyir. Bizim məsələ ilə bağlı isə Rusiyaya indikindən və bundan sonra da daha çox belə bir şeyin lazım olmayacağı qənaətindəyəm. Rəsmi Vaşinqton İrəvan-Bakı danışıqlarının intensivliyi tempinin aşağı düşməməsinə çalışarkən, Moskva tələsməmək istəyirsə, Ermənistan da Rusiya-Ukrayna müharibəsinin aqibətinin necə olacağını gözləməklə “uzatmalara” gedir. KTMT-nin İrəvan Sammiti və Rusiya dövlət başçısının Ermənistan səfəri Cənubi Qafqazda sadəcə epizodik dəyişikliyə səbəb ola bilər. Ümumilikdə, KTMT-nin formal olaraq saxlanılması Rusiyanın imicinə xidmət etməkdən başqa bir amala gəlmir”.
 
//Safura Bənnayeva, Editor.az