“Putinin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planı işə düşüb” -AÇIQLAMAbackend

“Putinin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planı işə düşüb” –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin Vladivostok Formunda söylədikləri həqiqətə uyğun deyil”.

Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Rusiya lideri Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun panel iclasında suallara cavab verərkən Ermənistan rəhbərliyini mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığı ilə bağlı və Azərbaycanın mövqeyinə uyğun fikir səsləndirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini oktyabrın 6-da Praqada keçirilən görüşdə rəsmi şəkildə tanıyıb və bunu elan edib:

“Oktyabrın sonlarında Valday Formunda Putin çıxış edərək erməni xalqına müraciət edib dedi ki, əgər Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyırsa, biz bunu qəbul edirik. Amma Qarabağ ermənilərinin özünəməxsusluğunu iddia edirsinizsə, bu məsələ də müzakirə oluna bilər. Bu bəyanatı verməklə erməniləri Paşinyana qarşı qaldırmağa çalışdı. Elə həmin ayın sonunda Soçidə keçirilən görüşdə elan etdi ki, Qarabağ münaqişəsi uzun müddətdir davam edir və artıq bunu bitirmək vaxtıdır. Azərbaycan prezidenti İlham Əliyev də qəti şəkildə cavab verdi ki, Qarabağ münaqişəsi yoxdur və bu məsələ müzakirə oluna bilməz”.

Siyasi şərhçinin fikrincə, sözügedən Soçi görüşündən sonra Rusiyanın mövqeyi kəskin şəkildə dəyişdi: ” Nikol Paşinyan dəfələrlə xahiş etsə də rəsmi Moskva sammitdə ortaya qoyduğu təklifi bir daha geri qaytarmadı. Bu səbəbdən Rusiyanın mövqeyinin dəyişməsi Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması ilə əlaqədar deyil. Azərbaycan prezidentinin ortaya qoyduğu qəti mövqe ilə əlaqədar idi. Soçi sammitindən sonra Putinin mövqeyindəki dəyişikliyin digər səbəbini də Paşinyan dedi. Rusiya Azərbaycan və Türkiyə ilə ziddiyyətə getmək istəmir”.

A.Səmədov düşünür ki, Vladivostok Formunda Putinin bu cür bəyanat verməsinin əsas səbəbi Paşinyanı vəzifədən uzaqlaşdırmaq üçün növbəti cəhdi başlamaq istəyidir: ” Putin erməni xalqını Paşinyana qarşı qaldırmaq istəyir. Digər tərəfdən də oradakı Rusiyameyilli qüvvələr vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planı işə düşüb. Çox güman ki, bundan sonra daha ciddi hadisələr baş verə bilər. Lakin biz istəyərdik ki, Rusiyanın bu addımı uğursuz olsun və ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkün olsun”.

//Safura Bənnayeva, Editor.az