Putinin Qarabağ haqqında son çıxışı: Ermənilərin niyyəti iflasa uğradıbackend

Putinin Qarabağ haqqında son çıxışı: Ermənilərin niyyəti iflasa uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu söyləyib.

Editor.az xəbər verir ki, “Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”, – deyə ifadə edən Rusiya prezidenti münaqişənin alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb.

Ölkə başçısı Vladimir Putinin bu çıxışı Rusiyanın münaqişənin həllində əvvəl olduğu kimi ritorikada bitərəfliliyini saxladığını və balanslı mövqeyi qorumağa çalışdığını göstərir. Münaqişə tərəflərinə bərabər şəkildə yanaşmanın sərgilənməsi Rusiyanın ATƏT-in Minsk qrupu həmsədri kimi vasitəçi mandatına da uyğun gəlir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vasitəçi ölkələrin münaqişənin həllində tərəfsiz mövqe tutmasının vacibliyini bəyan edib.

Həmçinin Azərbaycan Ordusunun hərbi nailiyyətləri və işğal olunmuş torpaqlarımızın əhəmiyyətli hissəsinin azad edilməsi ilə yaranmış vəziyyətə uyğun olaraq Rusiyanın yeni reallığı nəzərə alması və Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmadığını qəbul etməsi məlum olur. Azərbaycanın hərb yoluna əl atmaqda tərəddüdsüz mövqe ortaya qoyması və qətiyyətli addımları ölkəmizi ədalətsiz güzəştlərə getməyə məcbur edən və təzyiq göstərməyə çalışan bütün beynəlxalq gücləri çəkindirdi. Bu amil regionda nüfuzunu qorumaq və gücləndirmək üçün münaqişənin tənzimlənməsində aktiv rol almağa meyil edən və tərəflər arasında daim real vasitəçilik təşəbbüslərinə can atan Rusiyanın Ermənistanı maksimalizmdən imtina etməyə və konstruktiv mövqeyə gəlməyə təşviq etməsinə müəyyən dərəcədə təsir edə bilər.

Digər tərəfdən, Vladimir Putinin çıxışında tərəflərə bərabərhüquqlu münasibəti ifadə edən məqamlar nümayiş etdirdi ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və Rusiya Ermənistanın belə avantüralarına qoşulmaq niyyətində deyil. Vasitəçi kimliyini qorumaq və hər iki tərəfə təsir imkanlarını əldə saxlamaq üçün Rusiya Ermənistanın xeyrinə seçim etməyəcək. Cənubi Qafqaz regionunda iqtisadi, siyasi və mədəni əlaqələrini perspektivsiz və riskli Ermənistandan ötrü təhlükə altına qoymaq və qurban vermək Rusiyanın milli maraqlarına ziddir. Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış nağılları və üçüncü ölkələri tərəf kimi münaqişəyə cəlb etmək ümidləri boşa çıxıb.

Azərbaycan Ordusunun uğurları hesabına status-kvonun olmaması və təmas xəttinin aradan qaldırılması reallığı artıq hamı tərəfindən qəbul edilir. Ermənistanın uzun illər tirajladığı sona çatmamış müharibənin “sonucları” adlandırdığı situasiya artıq yoxdur. 90-cı illərdən bəri özünü “qələbə” hallüsinasiyalarına qapdırmış Ermənistan danışıqlar prosesini faktiki bloklamağa yönəlmişdi. Bununla o, müvəqqəti situasiyadan uzağa gedən nəticələr çıxararaq, qondarma rejimin müstəqil dövlətə çevriləcəyini, dünyanın və Azərbaycanın bunu qəbul etməyə məcbur olacağını sanırdı. Müzəffər Azərbaycan ordusu bu hallüsinasiyaları düşmən üçün qarabasma və kabusa çevirdi. Artıq hər hansı status-kvodan, təmas xəttindən söhbət belə gedə bilməz.

Rusiya Prezidenti V.Putinin çıxışındakı digər maraqlı məqam isə səsləndirdiyi “5+2 formatı” ilə bağlı idi. Əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda həmin formul öz əksini tapmışdı. Lakin Azərbaycan bu planın böyük bir qismini özü təmin edib. Həmin beş rayondan dördünün rayon mərkəzləri də daxil olmaqla, böyük hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Hadrut qəsəbəsi artıq işğaldan azad olunub. Belədə “5+2 formulu”nun kompromis variant kimi təklif olunması artıq mənasını itirir və Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür. Azərbaycan Ordusunun hərbi əməliyyatları ilə şəhidlər və böyük hərbi və maliyyə resursları hesabına azad etdiyi bölgələrin danışıqlarda Ermənistanın münaqişənin sülh yolu ilə həlli üçün atdığı güzəşt addımı kimi qiymətləndirmək gülünc olardı. Azərbaycanın Prezidenti İlham Əliyevin çıxışlarında ifadə edildiyi kimi, Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini məqbul sayır və istər sülh, istər hərb yolu ilə bunu təmin etmək hüququnu özündə saxlayır.

//yenisabah.az