Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında keçirdiyi iclasda Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Editor.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən ay Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində Rusiyaya qoşulmaq üçün referendum keçirildiyini xatırladan Putin Ukrayna rəhbərliyinin referendumların nəticələrini qəbul etmək istəmədiyini bildirib.
Hazırkı vəziyyətdə Rusiyanın bütün regionlarının idarəçilərinə əlavə səlahiyyətlərin verilməsinin lazım olduğunu bildirən Putin bu istiqamətdə fərman imzaladığı barədə məlumatı paylaşıb. O, qeyd edib ki, Rusiya hökumətinə, Rusiyanın müdafiə naziri, digər nazirlik və qurumlara region idarəçilərinin vətəndaşların təhlükəsizliyini təmin etmək, nizam-intizamı qorumaq, iqtisadiyyat və sənayeni gücləndirmək üçün tədbirlər həyata keçirməyə lazımi şəraiti təmin etməyi tapşırıb.
Ukrayna administrasiyası Rusiya prezidenti Vladimir Putinin ilhaq edilmiş Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan etməsinə reaksiya verib.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak sosial media hesabından verdiyi açıqlamada Putinin qərarının Ukraynada heç nəyi dəyişməyəcəyini bildirib: “Rusiyanın işğal etdiyi torpaqlarda “hərbi vəziyyətin” tətbiqi yalnız Ukrayna əmlakının növbəti “toplanma” yolu ilə talan edilməsinin leqallaşdırılması kimi qiymətləndirilməlidir. Bu, heç nəyi dəyişmir. Biz torpaqlarımızı işğaldan azad etməyə davam edirik”.
//Safura Bənnayeva, Editor.az

