Ukrayna müharibəsi artıq təkcə regional qarşıdurma deyil, qlobal güc balansının dəyişdiyini göstərən əsas dönüm nöqtələrindən biri kimi qiymətləndirilir. Böyük güclər arasında artan ritorika, qarşılıqlı təhdidlər və hərbi eskalasiya ehtimalları beynəlxalq münasibətlərin yeni və daha riskli mərhələyə daxil olduğunu göstərir. Ekspertlər hesab edirlər ki, baş verən proseslər Avropanın təhlükəsizlik sistemini ciddi sınaq qarşısında qoyub.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hərbi təcavüzə başlaması köhnə dünya nizamının faktiki olaraq sona çatdığını göstərir. Onun sözlərinə görə, formalaşmaqda olan yeni qlobal düzəndə Rusiya Sovet İttifaqının dağılmasından sonra itirdiyi təsir dairələrini yenidən bərpa etməyə çalışır:
“Rusiyanın siyasi və iqtisadi potensialı bu məqsədlərə çatmaq üçün yetərli olmadığından, Kreml əsasən hərbi alətlərdən istifadə edir. Bu yanaşma isə üçüncü dünya müharibəsi riskini getdikcə artırır. Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərinə qarşı təxribat xarakterli davranışlarını sistemli şəkildə davam etdirir. Onun son çıxışında Avropa liderlərini təhqiramiz ifadələrlə hədəfə alması Qərb dairələrində həm ciddi narahatlıq, həm də qorxu yaradıb.
Məhz bu səbəbdən Qərbdə formalaşan ictimai rəy ondan ibarətdir ki, Rusiya gec-tez NATO ölkələrinə qarşı hərbi addımlar ata bilər. Hətta bu təhlükənin 2030-cu ilə qədər reallaşacağı ilə bağlı ehtimallar da səsləndirilir. Bunun nə dərəcədə real olduğunu demək çətindir, lakin bir məsələ aydındır – Rusiya Ukrayna məsələsində geri addım atmaq niyyətində deyil”.
Ekspertin fikrincə, Moskva Ukraynada strateji məqsədlərinə nail olacağı təqdirdə növbəti mərhələdə diqqətini Baltik regionuna yönəldə bilər:
“Bu kontekstdə Kalininqradla quru əlaqəsini təmin edən Suvalki dəhlizi xüsusi əhəmiyyət daşıyır. Həmin dəhlizə nəzarətin itirilməsi Baltik ölkələrinin Qitə Avropası ilə əlaqələrinin ciddi şəkildə zəifləməsi ilə nəticələnə bilər.
Vladimir Putinin son çıxışında Bayden admistrasiyasını da sərt bir üslubla tənqid etməsi, bu tənqidi fikirlərin dəfələrlə ABŞ prezidenti Donald Trampın da dilindən səsləndirməsi düşünməyə əsas verir ki, ABŞ və Rusiyanın Avropanın gələcəyi ilə bağlı fikirləri üst-üstə düşür. Bu da qoca qitənin gələcəyi ilə bağlı narahatlıqları daha da artırır. Hazırda Avropanın təhlükəsizlik arxitekturası faktiki olaraq Ukrayna müharibəsi üzərindən yenidən formalaşdırılır. Növbəti mərhələdə hansı Şərqi Avropa ölkəsinin risk zonasına düşəcəyini isə zaman göstərəcək”.
//Gülnarə Abasova,Editor.az

