Putinin sanksiyaya məruz qalan qızları haqqında NƏLƏR BİLİRİK?backend

Putinin sanksiyaya məruz qalan qızları haqqında NƏLƏR BİLİRİK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ailəsinə qarşı həmişə qoruyucu olub. 2015-ci ildə də o, keçirdiyi mətbuat konfransında qızları ilə bağlı sualları cavablamaqdan imtina etmişdi.

“Qızlarım Rusiyada yaşayır və həmişə Rusiyada təhsil alıblar. Mən onlarla fəxr edirəm. Onlar üç xarici dildə sərbəst danışırlar. Ailəm haqqında heç kimlə danışmıram. Hər kəsin öz taleyini yaşamaq hüququ var. Onlar öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər”.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Putin iki qızının kimliyini açıqlamaq istəməsə də ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalarda 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonovanın adları hallanır.

“Biz hesab edirik ki, Putinin əmlakının böyük hissəsi onun ailə üzvlərinin əlindədir və buna görə də biz onları hədəfə alırıq”, – ABŞ rəsmisi deyib.

Putinin ailə həyatı ilə bağlı çox az məlumat təsdiq olunsa da, zaman-zaman ortaya çıxan sənədlər, xəbərlər və rəsmi açıqlamalar Putinin qızları haqqında məhdud da olsa məlumatlandırır.

Mariya və Katerina Putinin boşanmış həyat yoldaşı Lyudmiladan qızlarıdır. Cütlük 1983-cü ildə evlənəndə Putin KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti, Lyudmila isə stüardessa idi. Onların evliliyi 30 il davam etdi və bu müddət ərzində Putin Rusiya siyasi sistemində sürətlə yüksəldi. Cütlük 2013-cü ildə ayrılıb.

Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb.

Mariya Vorontsova indi endokrin sistem üzrə ixtisaslaşmış akademikdir. Onun uşaqlarda böyümə geriliyi haqqında kitabı var və Moskvada Endokrinologiya Elmi Araşdırma mərkəzində qeydiyyatda olan mütəxəssislərdən biridir. Amma o, həm də işgüzar qadındır.

Mariya Vorontsova hollandiyalı iş adamı Jorrit Joost Faassen ilə evlidir. Faassen bir vaxtlar Rusiyanın dövlət enerji nəhəngi olan “Qazprom”da işləyib. Cütlüyün ayrıldığı haqda xəbərlər yayılıb. Ukraynaya təcavüz başlayandan sonra Mariya Vorontsova ilə söhbət edənlər onun bu məsələdə atasını dəstəklədiyini və beynəlxalq mediada gedən xəbərlərə şübhə ilə yanaşdığını bildirirlər.

Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova mediada böyük bacısından qat-qat çox görünürdü. 2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində o, partnyoru ilə 5-ci yeri tutub.

Elə həmin il Katerina Putinin çox köhnə dostunun oğlu Kirill Şamalovla evləndi. Onların toyu Sankt-Peterburq yaxınlığındakı xizək kurortunda keçirilib.  2018-ci ildə Kirill Şamalov Rusiyanın enerji sektorundakı roluna görə ABŞ-ın sanksiyalar tətbiq etdiyi şəxslərdən biri oldu. Rusiyanın Ukraynaya təcavüzündən sonra Fransanın Biarritz şəhərində Şamalova məxsus olduğu deyilən dəbdəbəli villanı zəbt etdikləri üçün iki rusiyalı fəal saxlanılıb. Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də iş qadınıdır. 2018-ci ildə o, Rusiyanın dövlət kanalında qısa çıxış edərək neyrotexnologiyadan danışıb. O, 2021-ci ildə biznes forumunda da görüntülənib, lakin heç bir halda o, Putinin qızı kimi göstərilməyib. Bildirilir ki, bacılar ataları ilə çox vaxt keçirmirlər. Putinin nəvələri də var. Putin 2017-ci ildə verdiyi müsahibədə nəvələrinin olduğunu desə də, onların sayını və hansı qızdan olduqlarını açıqlamayıb.

“Mənim nəvələrimə gəlincə… Onlardan biri artıq bağçaya başlayıb. Bunu anlayın. Mən onların kral ailənin şahzadələri kimi böyümələrini istəmirəm. Onlar da normal insanlar kimi  yetişməlidir”,- Putin deyib.

//Gülnarə Abasova, Editor.az