Putinin son həmləsi: “Bu, Rusiya ordusu üçün biabrçılıqdır”-ŞƏRHbackend

Putinin son həmləsi: “Bu, Rusiya ordusu üçün biabrçılıqdır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belarusda taktiki nüvə silahının yerləşdirilməsi məsələsi növbəti dəfə Rusiyanın çəkindirici xarakterli siyasətindən irəli gəlir”.

Bu fikirləri Editor.az-a politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putinin televiziya kanalına verdiyi açıqlamasında Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi fikrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti qadağan olunmuş nüvə silahı ilə bağlı açıqlamalarında Qərbə ciddi mesajlar verir:

“Rəsmi Kreml xəbərdarlıq edir ki, vəziyyət kritik həddə çatır, lazım olduğu təqdirdə bu silahdan istifadə mümkündür. Əslində bu, Rusiyanın çox çıxılmaz vəziyyətdə olduğunu göstərir. Çünki Rusiya ordusu deyildiyi kimi dünyanın ikinci böyük ordusu səviyyəsində olsaydı, kiçik Donbas ərazisində müəyyən üstünlük əldə edərdi. Rusiya üçün bir vilayətin inzibati sərhədlərinə çata bilməmək biabrçılıqdır. Baxmut kiçik bir şəhərdir. 8 aydan çoxdur ki, burada rus ordusu demək olar ki, muzdlu əsgərlərlə yanaşı ordunun böyük hissəsi ilə hücuma daxil olsa da hələ də işğala nail olmayıb. Bu, rus ordusunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir”.

Natiq Miri qeyd edir ki, rəsmi Moskva artıq sahədə döyüşən ordu əvəzinə, Avropa ilə bilavasitə sərhəddə yerləşən Belarusiyada taktiki nüvə silahı yerləşdirməklə Qərbi Ukraynaya dəstək verməkdən imtina etdirmək istəyir:

” Ancaq düşünürəm ki, bu da əbəs siyasətdir. Çünki Qərb indiki vəziyyətdə Rusiyanın bu cür xəbərdarlıqları ilə geri çəkilməyəcək. Rusiya elə bir aqressiv, işğalçı dövlətdir ki, onun qarşısından geri çəkilərsə, rəsmi Moskva növbəti addımı ataraq yeni tələblər ortaya qoyacaq. Bu, Rusiya-Ukrayna müharibəsi deyil, başda ABŞ olmaqla, NATO-Rusiya müharibəsidir. Burada ABŞ və NATO-nun Moskvaya məğlub olma şansı yoxdur”.

Politoloq vurğulayır ki, zəifləmiş Rusiya ordusu fonunda yaxın bir ay ərzində Ukrayna əks-hücuma keçməklə 2014-cü il sərhədlərinə qədər rus ordusunu tamamilə ərazilərdən çıxartmaq imkanına malikdir:

“Rusiya bunu başa düşdüyü üçün sözügedən prosesə başlayıb. Dünyanı nüvə silahı ilə hədələyir. Ancaq bunun da qarşılığı var. Çünki nüvə silahı təkcə Rusiyada deyil, ABŞ və NATO üzvü olan əksər ölkələrdə mövcuddur. Yəni bu proses bumeranq effekti daşıya bilər. Həmin vəziyyət isə Rusiya üçün dağıdıcı olar. Belarusda taktiki nüvə silahının yerləşdirilməsi Putinin əl atacağı sonuncu yoldur”.

//Safura Bənnayeva, Editor.az