“İstanbulda dördtərəfli görüşün (Ərdoğan, Putin, Tramp və Zelenski) baş tutmamasına birbaşa səbəb Kremlin sahibi oldu. Bu da əslində əvvəlcədən məlum idi”.
Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O bildirib ki, Rusiya tərəfi Volodimir Zelenskini qeyri-legitim hesab etdiklərini dəfələrlə bildirib:
“Belə açıqlamalardan sonra isə Putinin Zelenski ilə bir masa ətrafında oturmayacağı məlum idi. Bu baxımdan Peskovun açıqlamalarında həqiqət payı az deyil. Zelenskinin özü belə əvvəlcədən Putinin onunla görüşməyəcəyini yaxşı bilirdi. Ona Rusiya nümayəndə heyəti ilə görüşməməsinə tam haqq vermək olar. Əgər bu görüş baş tutsaydı, bu onun bəlkə də hakimiyyətinin sonu ola bilərdi. Rusiya ilə pərdəarxası savaş aparan Qərb dairələri onu heç bir halda bağışlamazdı, elə yüz minlərlə itki verən Ukrayna xalqı da… Əvəzində Türkiyə rəhbəri cənab Ərdoğanla Zelenskinin görüşü baş tutdu. Görünən odur ki, bu görüşdə Rusiya-Ukrayna savaşın bitməsi yönündə ciddi irəliləyiş əldə olunmayıb. Tramp isə görüş öncəsi özünü sülhpərvər lider kimi göstərib İstanbul danışıqlarında əsas lider kimi görünməyə çalışdı. O da bilirdi ki, Putin gəlməyəcək. Sadəcə “guya o gəlsə, mən də gələcəm kimi imitasiya” xarakterli açıqlamalar verdi. Hesab edirəm ki, istədiyinə nail ola bilmədi. Orada bir lider bir daha parlaq göründü. Bu da Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan idi”.
Siyasi ekspert fikirlərini bu cür davam etdirib:
“Rusiya tərəfi savaşın bitməsində maraqlı deyil. Çünki hazırda cəbhədə üstünlük rusların tərəfindədir, beynəlxalq arenada da əvvəlki kimi təklənməyib, əksinə özünə yeni-yeni dayaqlar tapmaqdadır. Artıq Rusiyanın hansısa bir Ukrayna ərazisini işğal etməsinə beynəlxalq aləm əvvəlki kimi reaksiya vermir. Amma istənilən halda bu danışıqların bundan sonra davamlı olacağını və hələ bir müddət davam edəcəyi qənaətindəyəm. Bir növ tərəflər “yordu-yordu” siyasəti yürüdəcəklər. Məkan olaraq da, İstanbul daha çox etibarlı ünvan kimi seçildi. Bundan sonra görüşlər daha çox bu şəhərdə təşkil olunacaq. Tərəflər də bu məsələdə maraqlıdır”.
//Gülnarə Abasova, Editor.az