Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Kreml mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı Putin və Paşinyan genişspektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
Bəzi siyasi şərhçilər bildirirlər ki, Paşinyanın tez-tez Rusiyaya səfərlərinin və Putinlə görüşlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmaqdır. Onların fikrincə, Kremlin radikal müxalifətə maliyyə dəstəyi verərək Paşinyanın seçkidə qələbəsinə mane olma ehtimalı var. Bundan əlavə, Paşinyan əmindir ki, Kreml seçkiöncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edə bilər.
Bəs Paşinyan Putinin tələblərini yerinə yetirəcəkmi? Görüşdən hansı gözləntilər var?
Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, Paşinyan Rusiya ilə əlaqələri hiss ediləcək dərəcədə aşağı səviyyəyə salıb. “O, artıq Rusiya təsir dairəsindən çıxaraq Qərbə doğru inkişaf istiqaməti götürüb. Paşinyan yaxşı başa düşür ki, Rusiya seçkilərdə onun əleyhinə çox ciddi fəaliyyət göstərəcək. Hətta o, and içsə belə, verdiyi vədlərin hamısını yerinə yetirməyəcək. Çünki Rusiya Cənubi Qafqazı itirmək üzrədir. Bu baxımdan Gürcüstanla müəyyən danışıqlar aparır, Azərbaycanla müəyyən təmaslar qurur, lakin onun üçün ən çətin məsələ Ermənistandır – yəni bu ölkəni öz təsiri altında saxlamaqdır. Lakin görünən odur ki, Ermənistan Rusiyaya tam şəkildə ram edilməyəcək və Kremlin bütün istəklərini həyata keçirməyəcək. Ölkə tədricən Rusiyadan uzaqlaşaraq Qərbə doğru inkişaf xətti götürüb”,_ deyə Q.Hüseynli bildirib
Onun sözlərinə görə, hazırda bütün bu məsələlər müzakirə predmetidir: “Siyasətdə Putin qədər verdiyi sözlərə əməl etməyən, vədlərinə sadiq qalmayan ikinci bir siyasətçi tanımaq çətindir. Yəqin ki, Paşinyan da bunu yaxşı bilir. Buna görə də o, hər ehtimala qarşı həm Putini müəyyən qədər yumşaltmağa çalışacaq, həm də Kremlin Ermənistanla bağlı əsas niyyətlərini öyrənmək istəyəcək”.

Politoloq qeyd edib ki, seçkiqabağı dövrdə Ermənistan üçün ən təhlükəli ölkə məhz Rusiyadır və Paşinyan bu təhlükəni neytrallaşdırmaq üçün lazım olan addımları atmağa çalışacaq. “O ki qaldı Paşinyanın seçkilərdə qalib gəlib-gəlməyəcəyinə, hesab edirəm ki, əgər o, müharibədə məğlub olmasına baxmayaraq, əvvəlki seçkilərdə qələbə qazana bilibsə, bu seçkidə də qalib gəlmək ehtimalı böyükdür. Üstəlik, seçkiqabağı dövrdə Ermənistanda bir sıra sosial addımlar atılıb. Məsələn, maaş iki dəfəyə yaxın artırılıb, hətta müharibədə məğlub olmuş ordunun əsgərlərinə kifayət qədər yüksək təqaüdlər verilir. Əvvəlki seçkilərdən sonra maaş və pensiyalar artırılmamışdısa, bu dəfə seçki ərəfəsində pensiyalar da hiss olunacaq dərəcədə yüksəldilib. Yəni Ermənistan cəmiyyətində əhalinin maddi rifahı müəyyən qədər yaxşılaşıb, əvvəlki kimi kəskin yoxsulluq hiss olunmur, sosial vəziyyət nisbətən sabitləşir və inkişaf meyilləri müşahidə olunur”, – deyə politoloq vurğulayıb.
Q.Hüseynli qeyd edib ki, əgər revanşist qüvvələr, məsələn, Robert Köçəryan və ya Serj Sərkisyan kimi siyasətçilər Moskvanın dəstəyi ilə hakimiyyətə qayıdarsa, bu, Ermənistan üçün yeni müharibə riski demək olar: “Erməni cəmiyyəti də yaxşı anlayır ki, yeni müharibə güclü Azərbaycan qarşısında Ermənistan üçün ağır nəticələrə, hətta fəlakətə gətirib çıxara bilər. Məhz buna görə də cəmiyyətin əhəmiyyətli hissəsinin bölgədə sülh müqaviləsinin imzalanmasını dəstəkləyərək Paşinyana səs verəcəyi və onun yenidən baş nazir seçilməsinə çalışacağı ehtimal olunur”.
Müsavat.com

