İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Qədim dövlətçilik tarixinə malik Azərbaycanda milli adət-ənənə dövlət səviyyəsində qorunur. Müasir, müstəqil dövlətçilik tariximizdə bütün istiqamətlərdə dövlət ən yüksək səviyyədə işlər görür, inkişafa doğru mühüm addımlar atır. Müstəqillik illərində Azərbaycan bir çox uğurlara imza atıb. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz isə həmin uğurların simvoludur.
Xalqımızın müstəqillik illərinin banisi, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salsaq Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlər fonunda intibah və milli şüurun oyanışın Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını və müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter aldığının şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Bəs son illərdə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin qorunması, elm və təhsilin inkişafı istiqamətində hansı işlər görülür?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirdi ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlətdir:
” İctimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkəmizdə əldə olunan nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Müasir, müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı problemlər, situasiyalarla qarşılaşıb. Lakin Azərbaycan xalqı həmişə əzmkarlıq və birlik nümayiş etdirərək ölkəmizin tərəqqisinə nail olub. Bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə olunmasında lider faktoru əvəzolunmaz rol oynayıb “.
Deputatın sözlərinə görə, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı nəsib olmur:
“Tanrının bəxş etdiyi ömrü, xalqın yaşaması uğrunda şam kimi əritməyi bacarmaq da lazımdır. Bəli, Heydər Əliyev bir çox cəhətlərinə görə, nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, Ümummilli liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, vətənin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi. Başladığı haqq, ədalət mübarizəsini də zəfərlə başa çatdırdı. Heydər Əliyev dünyada böyük azərbaycançılıq məfkurəsinin əsasını qoydu. Soykökümüz, milli-mənəvi dəyərlərimizə bağlılıq, xalqa olan sonsuz məhəbbət hissləri həmişə Heydər Əliyevin ürəyində olub. O, bütün həyatını öz xalqının rifahına, azad yaşamasına həsr edib”.
K.Əliyeva qeyd edir ki, 1969-cu ildə Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldiyi gündən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlayıb : “Həmin ilin noyabr ayında indiki Bakı Dövlət Universitetinin (əvvəl Azərbaycan Dövlət Universiteti adlanırdı) 50 illik yubileyi keçirildi. Bu yubleyə o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev də dəvətli idi. O, çıxış üçün kürsüyə qalxdığı zaman öz nitqini Azərbaycan dilində edib. Bu həmin vaxt üçün inqilabi hərəkət sayılan çıxış idi. Çünki o zamanlar SSRİ-nin tərkibinə daxil olan 15 respublikanın birinci katibləri yalnız rus dilində çıxış etməli idilər, heç öz dillərində belə danışa bilməzdilər. Lakin Heydər Əliyevin bu çıxışı sanki mesaj xarakteri daşıyırdı. Öz dilinə olan məhəbbətin təzahürü idi. Onu da qeyd etmək yerinə düşərdi ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması da məhz Ulu Öndərin bilavasitə təşəbbüsü ilə baş tutub. Bizim 30 il işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında o zaman həmin hərbi liseydə təhsil alan gənclərimizin də mühüm rolu olmuşdur. 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil olmasına nail olur. Bu zaman da bir çox çətinliklərlə üzləşir”.
Deputatın sözlərinə görə, Azərbaycan ən böyük uğurlara imza atır:
“Müstəqilliyimizin ilk illərində də Ümummilli liderimizin siyasi hakimiyyətdən kənarda qalması ölkəmizi ciddi təhlükələrlə üz-üzə qoymuşdur. Lakin müdrik Azərbaycan xalqı baş verən hadisələrə biganə yanaşmayaraq öz liderinə qovuşmaq üçün bütün imkanları səfərbər etdi. Nəticədə xalqımızın iftixarı, qüruru əvəzedilməz tarixi şəxsiyyət Heydər Əliyev yenidən ölkəmizə rəhbərliyə gəldi. Bununla da bugünkü uğurlarımızın əsası qoyuldu. Ulu öndər şərəfli tarix yazıb. Bütün ömrünü dinindən , dilindən, siyasi baxışından, milliyyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəsləməsi üçün apardığı mübarizəyə həsr etdi. O, çıx humanist, qayğıkeş, hərkəsə layiq olduğu qiyməti verməyi bacaran insan idi. “Gələcək nəsillərə güclü, qüvvətli Azərbaycan qoyub getmək istəyirəm” deyən Ulu Öndər dediyi sözə də əməl etdi. Heydər Əliyevə həm də onun üçün minnətdarıq ki, İlham Əliyev kimi güclü siyasətçi yetişdirdi. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inandı. Son illər ölkəmizdə qazanılan uğurların fonunda bu inam, etimadın doğruluğunun bir daha şahidi oluruq. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin edilməsi Ümummilli liderin başlatdığı siyasətin uğurla davam etdiyini göstərir. Azərbaycan bu gün dünyada tanınan, seçilən bir dövlətdir, söz sahibidir. Mötəbər, beynəlxalq tədbirlər ölkəmizdə təşkil olunur. Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız 30 il işğal altında qalmış torpaqlarımızın azadlığına nail oldular. Qazanılan uğurlarımız isə ilbəil artmaqdadır “.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə açıqlamasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələri, milli-mənəvi dəyərlərin, adət-ənənələrimizin qorunmasında müstəsna xidmətləri olduğunu deyib:
“Həm Sovet, həm də müstəqillik illərində bu istiqamətdə çox fəal iş aparıb. Sovet dönəmində Azərbaycan dilinin respublika dili elan olunması, milli -mənəvi dəyərlərimizin qorunması, gənclərimizin təhsili ilə bağlı xeyli işlər görüb. Ümummilli liderin dövründə on minlərlə gənc xaricə eyni zamanda, Sovet İttifaqının ən mötəbər ali təhsil müəssisələrinə təhsil almaq üçün göndərilib. Onun bilavasitə rəhbərliyi ilə bu istiqamətdə görülən işlərdən biri də din sahəsinə, milli-mənəvi dəyərlərimizə qayğının göstərilməsidir. Azərbaycan müstəqilliyini əldə etdiyi zaman ölkəmizdə cəmi 18 məscid var. Bu gün Azərbaycanda 2200-dən çox məscid fəaliyyət göstərir “.
Deputatın sözlərinə görə, Heydər Əliyevin əsasını qoyduğu siyasəti prezident İlham Əliyev çox böyük uzaqgörənliklə davam etdirir: “Azərbaycan öz adət-ənənələrindən, milli-mənəvi dəyərlərindən uzaqlaşmadı. Bu gün ölkəmizdə tolerantlıq, dinlərarası münasibət, qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Azərbaycan bu baxımdan birçox dünya ölkələri üçün nümunə göstərilir. Bu istiqamətdə öz addımlarını və fəaliyyətlərini uğurla davam etdirir “.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Safura Bənnayeva, Editor.az