“Nikol Paşinyanın bütün addım və qərarları, bəyanatları bir-birilə ziddiyyət təşkil edir. İkinci Qarabağ Savaşından sonra nüfuzunu tamamilə itirən Paşinyan çıxış yolları və qarşıdakı seçkilərdə yeni sosial baza axtarışındadır. İlk növbədə onu deyim ki, bu, onun eksləri debata birinci çağırışı deyil. Paşinyan bundan əvvəl də Serjik Sarkisyanı və Robert Köçəryanı debata səsləmişdi. Bu dəfəki siyahıda isə Levon Ter Petrosyan da var”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Könül Nurullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlki üç prezidentini debata dəvət etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
O bildirib ki, hər hansı debatın baş tutacağı real görünmür: “Çünki hər 3 sabiq lider baş nazirin debat çağırışına kəskin reaksiya verib. Burada Paşinyan sadəcə, Qarabağ məsələsi ilə bağlı məsuliyyəti üzərindən atmaq niyyəti güdür.
Rusiya səfərinə gəlincə, N.Paşinyanın MDB Dövlət Başçılarının ənənəvi sammiti və Avrasiya İqtisadi İttifaqının iclasına qatılmaması ilə bağlı gətirdiyi COVİD səbəbi əslində səbəbdən daha çox bəhanəyə bənzəyir. Çünki Paşinyan müxtəlif bəhanələrlə MDB, KTMT, Avrasiya İqtisadi Şurasının toplantılarından yayınır. Bunun da əsas səbəbi Qərbdəki havadarların təlimatlarıdır. Çünki Moskvanın rəhbərliyi altında hər hansı tədbirdə iştirak etsə də balansı qorumaq üçün sonradan Paşinyanın Qərbyönümlü bəyanatlar və ya səfərlərlə vəziyyətdən çıxmağa çalışdığının şahidi oluruq. 2025-ci ilin mayında Minskdə Aİİ Şurasınınn növbəti iclasına da distant qatılacağını deyən Paşinyana ən tutarlı cavabı isə Belarus Prezidenti Aleksandr Lukaşenko “Sizin probleminiz nədir? Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur? Lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik” məzmunlu ironiyası ilə verdi.
Aydın olur ki, Qərbdəki havadarlar Paşinyanın Rusiyadan uzaqlaşmasına çalışır, hətta bəzi hallarda bunun ciddi tələb kimi qoyulduğunu da söyləmək olar. Məsələn, KTMT ilə münasibətlərin ən dəqiq xarakteristikasını bu günlərdə Prezident İlham Əliyev verdi. Belə ki, dövlət başçımızın da söylədiyi kimi, rəsmi İrəvan ABŞ Dövlət Departamentindən KTMT-dən çıxmaq üçün son təlimatları gözləyir.
Amma Avrasiya İqtisadi İttifaqı ilə bağlı vəziyyət fərqlidir. Belə ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı mövcuddur. Ona görə də Qərbdəki havadarlar da İrəvanın bu platformadan çıxmasında maraqlı görünmür. Çünki Qərb Ermənistanın maliyyə yükünü tam şəkildə öz üzərinə götürmək istəmir”.
//Gülnarə Abasova, Editor.az