“Qalib ölkənin silahlı qüvvələri kimi Azərbaycan Ordusunun nüfuzu və potensialı daha da güclənir”-Millət vəkilibackend

“Qalib ölkənin silahlı qüvvələri kimi Azərbaycan Ordusunun nüfuzu və potensialı daha da güclənir”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz son 21 ildə qarşıya qoyduğumuz bütün hədəflərə çatmışıq. Həyata keçirilən düzgün xarici və daxili siyasət Azərbaycanı regionun liderinə, beynəlxalq münasibətlər sisteminin isə ən nüfuzlu üzvlərindən birinə çevirib. Prezident İlham Əliyev inaqurasiya mərasimində qarşıda duran yeni hədəfləri bəyan etdi. Belə ki, qarşıdakı dövrdə əsas hədəflərimizdən biri də sərhədlərimizi möhkəmləndirməkdir. Müzəffər Ali Baş Komandanın da söylədiyi kimi, biz sərhədlərimizi elə qorumalıyıq ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Bunun üçün təbii ki, güclü orduya malik olmaq əsas şərtdir. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələri bu illər ərzində öz potensialını gücləndirərək 44 günlük Vətən müharibəsində tarix yazdı. Dövlət başçımızın söylədiyi kimi, bizim Ordumuz təlimlərdə, paradlarda yox, döyüş meydanında öz gücünü göstərdi. Bizim əsas üstünlüklərimizdən biri orduda çox yüksək mənəvi ruhun olmasıdır. Məhz bu mənəvi ruh Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında başlıca rol oynadı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, növbəti illərdə Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsini Prezident İlham Əliyev əsas vəzifələrdən biri kimi bəyan etdi:

“Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə atılan addımlar Azərbaycan Ordusunu 44 günlük müharibədəkindən daha güclü edib. 30 ilə yaxın müddətdə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyünü təmin etmək naminə güclənirdi. Qarşıdakı illərdə isə ərazi bütövlüyümüzü, suverenliyimizi qoruyub saxlamaq əsas məqsəddir. Bundan sonra qalib Azərbaycanın ordusu öz gücünü daha da artıracaq, nüfuzunu daha da möhkəmləndirəcək.

Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı atılan addımlar daha da genişlənməkdədir. Məlumdur ki, son illər yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayının artırılması prosesi davam edir. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz elə Ordu yaratmışıq ki, heç kim bizə sataşa bilməz.Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribatın dərhal adekvat cavablandırılması bunu bir daha təsdiqlədi. İnaqurasiya mərasimində Prezident İlham Əliyev bu məsələyə də münasibət bildirərək, bəyan etdi ki, bu, bir daha Ermənistana və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz.

Sevindirici haldır ki, Azərbaycan çox güclü hərbi sənaye kompleksi yaradıb. İkinci mərhələnin daha genişmiqyaslı olması nəzərdə tutulur. Azərbaycan özünü daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin etməklə, eyni zamanda daha böyük həcmdə ixrac etməklə bu sahədə də böyük dərəcədə xarici asılılıq azalacaq. Beləliklə, yeni dövrdə də hədəflərimizin reallaşması üçün düzgün strategiya müəyyənləşib. Son 20 ilin təcrübəsi onu deməyə əsas verir ki, biz yeni mərhələdə də qarşıya qoyulan bütün hədəflərə çatacağıq. Bu prosesdə cəmiyyətin hər bir üzvü fəal iştirak etməli, prosesə töhfə verməlidir”.

//Gülnarə Abasova, Editor.az