İraqda toyda baş verən yanğında 100-dən çox adam ölüb. Daha iki yüz nəfər isə müxtəlif dərəcədə yanıq xəsarətləri alıb.
Editor.az “Reuters”ə istinadən bildirir ki, faciə ötən gecə ölkənin şimalındakı Ninova əyalətinin Həmdaniya bölgəsində baş verib. Xilasedicilər səhərə qədər kül içində həlak olanların cəsədlərini axtarıblar.
Qubernatorun müavini Həsən əl-Allaq “Reuters” agentliyinə bildirib ki, 113 nəfər ölüb, 200 nəfərin yaralanıb. Şənlik zamanı təşkil edilən atəşfəşanlıqdan yanğın böyük banket zalını bürüyüb. Bu versiya yerli xilasedicilər tərəfindən səsləndirilib. Ölənlərin sayının çox olması, ehtimal ki, binanın tez alışan tikinti materiallarından olması ilə əlaqədar olub ki, bu da yanğının sürətlə yayılmasına şərait yaradıb.
Rəsmi açıqlamalara görə, İraq federal hakimiyyət orqanları və İraqın yarı muxtar Kürdüstan bölgəsi faciə yerinə təcili yardım maşınları və tibbi qruplar göndərib. Hadisə yerində olan şahidlər binanın yerli vaxtla saat 22:45 radələrində alovlandığını və hadisə zamanı orada yüzlərlə insanın olduğunu bildiriblər.
//Samir qurbanov, Editor.az

