Qanunsuz erməni silahlı birləşmələrinin təxribatları artıb: Ukrayna hadisələrinin prosesləri təsiri-MÜSAHİBƏbackend

Qanunsuz erməni silahlı birləşmələrinin təxribatları artıb: Ukrayna hadisələrinin prosesləri təsiri- MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az siyasi şərhçi, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanla müsahibəni təqdim edir:

– Sədrəddin bəy, Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla sülh danışıqlarına hazır olduğunu qeyd etdikdən sonra Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qanunsuz erməni silahlı birləşmələrinin mütəmadi təxribatları artıb. Ekspertlərin əksəriyyəti hesab edir ki, Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına qarşı çıxararaq vəziyyəti böhrana yuvarlamağa çalışır. Sizcə Rusiyanın məqsədi həqiqətən budurmu?

– Rusiya sülhməramlıları Azərbaycana 5 ildən də uzun müddətdə yerləşmək üçün gəliblər. “Sülhməramlılar” özlərini sülhməramlı qüvvə kimi yox, Rusiyanın Azərbaycan ərazisindəki bazasının hərbiçiləri kimi aparmağa çalışırlar. Amma 2020-ci il 10 noyabr bəyanatında göstərildiyi kimi Rusiya sülhməramlıları Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilib və bütün tərəflərin qarşılıqlı razılıq şərtləri daxilində onların xidmət müddəti uzaldıla bilər. Digər tərəfdən Azərbaycan tarix boyu rus sülhməramlıları adı altında fəaliyyət göstərən hərbiçilərdən ziyan görüb. 1992- ci ilin fevral ayı və ondan sonrakı dövrdə Azərbaycan rayonlarında, kəndlərində soyqırımın törədilməsində Rusiyanın 366-cı motoatıcı sülhməramlıları da iştirak edib. Bu sülhməramlılar heç vaxt dünyanın münaqişə bölgələrində yerləşdirdikləri zonalarda öz səlahiyyətlərini icra etməyiblər. Rusiyalı əsirlərin dediklərinə görə, sülhməramlılar hətta Ukraynada döyüşən rus hərbiçilərinə bildiriblər ki, onları Ukrayna ərazisinə “sülhməramlı” adı altında gətirirlər. Onlar Ukraynanın Luqansk və Donetsk bölgələrində guya sülhməramlı kimi fəaliyyət göstərəcəklərmiş. Son zamanlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirikləri ərazilərdə erməni qanunsuz birləşmələri Azərbaycan mövqelərini, dinc sakinlərini atəşə tutur. Bu hadisələrə rəvac verən, susan və dəstəkləyən isə rus sülhməramlılarıdır. Belə məlum olur ki, sülhməramlılar Qarabağda erməniləri silahlandırır, təlimatlandırır, bu perspektivdə Azərbaycana qarşı hərbi münaqişəni alovlandırırlar. Sülhməramlılar Qarabağda Azərbaycan ərazisində yeni silahlı dəstələr hazırlamaqla münaqişə ocağını körükləyirlər”.

– Rusiya-Ukrayna müharibəsinin proseslərə təsiri varmı?

– Rusiya-Ukrayna müharibəsinin bu proseslərə təsiri şübhəsizdir. Çünki Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Krımın ilhaqına qarşı çıxır və problemin Ukrayna ərazi bütövlüyünün dəstəklənməsi ilə həllinin tərəfdarıdır. Bu isə o deməkdir ki, Azərbaycan Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edir. Ona görə də Rusiya isə sülhməramlılar vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır, özünəməxsus şəkildə “xəbərdarlıq” edir. Demək istəyir ki, Qarabağda hərbi əməliyyatları sülhməramlıların dəstəyi ilə qızışdıra bilər. Yəni bu yolla Rusiya Azərbaycanın Ukraynanın, xalqının, beynəlxalq hüquq normalarına uyğun olan haqqını müdafiə etməsinə mane olmağa çalışır.

– Bu gün səhər saatlarında Müdafiə Nazirliyi məlumat yayıb ki, erməni silahlı birləşmələrinə qarşı adekvat cavab tədbirləri görülür. Bu hadisədən alovlanan proseslər hansı istiqamətdə davam edəcək?

– Bu, müharibə, hərbi əməliyyat demək deyil. 10 noyabr bəyanatının müddəalarına uyğun olaraq rus sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsinə paralel olaraq erməni silahlı birləşmələri də ərazilərimizdən çıxarılmalı idi. Həmin separatçıların qanunsuz əməllərinin qarşısı alınmalı, onlar məhv edilməlidir. Azərbaycan ərazisində Azərbaycan Ordusu və Azərbaycanın razılığı ilə Rusiya sülhməramlıları fəaliyyət göstərə bilər. Bundan başqa qanunsuz silahlı birləşmələr işğalçı hesab olunur. Azərbaycanın onları məhv etmək üçün qanuni əsasları var. Qanunsuz Ermənistan hərbiçiləri rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə silah açdığına görə Azərbaycanın cavab olaraq həmin mövqeləri vurması qanunidir, təhlükəsizliyinin müdafiəsidir.

//Gülnarə Abasova, Editor.az