Qanunsuz mərc oyunlarında iştirak edənləri hansı təhlükə gözləyir? — Hüquqşünasdan AÇIQLAMAbackend

Qanunsuz mərc oyunlarında iştirak edənləri hansı təhlükə gözləyir? — Hüquqşünasdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar influenserlər və məşhur şəxslərin qanunsuz mərc oyunlarını reklam etməsinin tez-tez şahidi oluruq. Bu cür reklamlara daha çox “Instaqram”, “TikTok” “Telegram” kimi sosial şəbəkələrdə rast gəlirik…

İnfluenserlər və məşhurların bu cür qanunsuz oyunların reklamında iştirakı hansı məsuliyyət yaradır?

Maraqlıdır, onlara qarşı hansı hüquqi tədbirlər görülə bilər?

Hüquqşünas Tural Həsənli Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayət məsuliyyətinə səbəb olur. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir”.

Ekspert qeyd edib ki, son zamanlar bəzi məşhur şəxslərin media subyektlərində, internet sosial platformalarında qanunsuz mərc oyunlarını reklam və təbliğ etməsi, tərifləməsi, digər şəxsləri həmin oyunlarda iştiraka çağırış etməsi və həmin qumar oyunlarını təbliğ etməsi geniş yayılıb:

“Sadalanan hərəkətlərin həyata keçirilməsi qanun pozuntusu olmaqla yanaşı, həmin reklam əsasında buna marağı yaranan şəxslərin həmin oyunlarda iştirak etdikdən sonra onlara pul vəsaitinin əldən çıxmağı ilə nəticələnən maddi zərər vurur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir”.

Hüquqşünas T.Həsənli onu da əlavə edib ki, sosial platformalar üzərindən oynanılan qumar oyunlarında oyunçu öz kart məlumatlarını həmin platformaya daxil edərək iştirak edir:

“Bu isə özlüyündə zəmanətsiz sistem olduğundan müvafiq şəxslərin kart hesablarına xarici domenlərdən kiber yolla müdaxilə edilərək müxtəlif vaxtlarda onların pullarının digər hesablara ötürülməsinə, pul vəsaitlərinin əldən çıxmasına şərait yaradır. Vətəndaşlar hər bir halda ayıq olmalıdırlar, bu cür oyunlarda iştirak etməməli, mənbəyi məlum olmayan platformalarda şəxsi və kart hesabı məlumatlarını yerləşdirməməlidirlər”.