Gəncədə həm acı, həm də dərs çıxarıla biləcək hadisə baş verib. 31 yaşlı Şəfiqə Əhmədov xəstə övladı üçün topladığı 10 min manat əməliyyat xərcini internet üzərindən oynanılan qanunsuz şans oyununa qoyub və qazandığı 15 min uduşun saxta olduğu ortaya çıxandan sonra qoyduğu pulları da itirib.
Ağır mənzərədir. Təsəvvür edin, xəstə övladı üçün manat-manat, qəpik-qəpik pul toplayır, daha sonra topladığı pulu artırmaq üçün onu hər hansı bir qanunsuz şans oyununa qoyur və uduzur. Özü danışır ki, belə oyunlara marağının artması ilk uduşuna görə olub. Əvvəlcə 12 manat udub, daha sonra bunun rahat qazanc olduğunu düşünərək oynamağa davam edib. Sonda 6 yaşlı övladı üçün topladığı əməliyyat pulunun hamısını həmin oyuna daxil edib, 15 min manat udduğu görünsə də, nəticədə uduşun saxta olduğu ortaya çıxıb. İndi fəryad edir, pullarının qaytarılmasını istəyir. Amma çətin görünür, çünki internet üzərindən qoşulduğu bu cür oyunlar qanunsuzdur.
Bu hadisə hər kəs üçün dərs hesab edilə bilər. Qanunsuz şans oyunları etibarlı deyil və böyük fırıldaq olduğu məlumdur. Adətən ilk qoşulanda kiçik uduşlarla insanlar şirnikləndirilir, daha sonra böyük məbləğlə oyuna daxil ediləndə saxta olduğu ortaya çıxır. Gəncə sakininin başına gələnlər də bunun nümunəsidir. Lakin Şəfiqə Əhmədova belə oyunlarda saxtakarlıqla qarşılaşan nə ilk, nə də sonuncu vətəndaşımızdır. Zaman-zaman bu cür fırıldaqlara məruz qalan vətəndaşlar var. Bu oyunlara qoşulanlar kiçik uduşlarını, misal üçün, 5-10, yaxud 20 manata qədər olan məbləğləri alır. Bu isə onları oyuna bağlamaq, daha böyük məbləğlər daxil etməyə təşviq etmək üçün tələdir. Böyük məbləğdə pul qoyan zaman isə mütləq fırıldaqla üzləşirlər və nəinki udduqlarını, ümumiyyətlə öz pullarını da ala bilmirlər. Digər tərəfdən, Azərbaycan qanunvericiliyinə görə qanunsuz oyunlar qadağandır və bu oyunlarda iştirak cinayət məsuliyyəti yaradır.
Vətəndaşlarımız ehtiyatlı olmalıdırlar. Gəncə sakininin başına gələnlər təhlükə siqnalı hesab edilə bilər. Qanunvericiliyi pozmamaq, həm də fırıldağa məruz qalmamaq üçün qanunsuz şans oyunlarından çəkinin. Əgər bir vətəndaş öz bəxtini sımaq istəyirsə, bunun bir ünvanı var: “Azərlotereya”.
“Azərlotereya” ASC qanunidir və təşkil etdiyi oyunlara zəmanət verir. Belə demək mümkünsə, yeri bəlli, ünvanı bəlli. Bəxtinizi sınamaq istəyirsinizsə, bunu qanuni yolla etmək daha yaxşıdır.
Məsələ ilə bağlı millət vəkilləri də çağırışlar ediblər.
“Qanunsuz şans oyunlarına münasibətim birmənalı olaraq mənfidir. Orada proqram elə qurulub ki, uduş etmək mümkün deyil. Oynayan şəxs mütləq orada uduzacaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə bildirib ki, müxtəlif internet resursları vasitəsilə xaricdən Azərbaycan vətəndaşlarına təklif olunan cəlbedici qumar oyunları əslində böyük tələdir.
Onun sözlərinə görə, bu cür oyunlar insanları dərin uçuruma yuvarlayır: “Qanunsuz şans oyunlarına girən insan fikirləşir ki, bir dəfə, iki dəfə uduzmuşam, eybi yox, növbəti dəfələrdə uduzduğumu artıqlaması ilə geri alacam. Əslində isə o böyük bir bataqlığa batır. Hər dəfə o yalançı uduş perspektivləri onun bütün imkanlarını əlindən alır. Belə oyunlar insanları halal qazandığı puldan edir, ailələrin dağılmasına səbəb olur. Ailənin imkanlarını heçə endirir. Ailələr dağılır, ər və arvad münaqişəsi yaranır, nəticədə onların boşanması baş verir”.
Deputat çağırış edib ki, insanlar “1XBET”, “Mosbet” kimi qanunsuz şans oyunlarından çəkinməlidirlər: “Bu cür oyunların axırı yoxdur. Ancaq halal zəhmətlə qazanmaq və daha çox qazanmaq üçün halal yolları fikirləşmək lazımdır. Mən hər bir kəsi belə oyunlardan uzaq durmağa çağırıram”.
Milli Məclisin deputatı Tahir Rzayev də Azərbaycanda qanunsuz mərc oyunlarının keçirilməsinin tərəfdarı olmadığını bildirib. Çünki əgər bunlar müəyyən qaydada insanların həyatına, onların psixologiyası, maddiyyatına ziyan gətirirsə, kimisə kədərləndirirsə, bunu keçirmək düzgün deyil”- deyə o qeyd edib.
Azərbaycanda “1XBET”, “Mosbet” kimi qanunsuz qumar oyunlarının yayılmasının zərərindən danışan deputat bildirib ki, bu cür fəaliyyətlər insanlarımızda ciddi problemlər yaradır: “Təəssüf edirəm ki, belə oyunlarının keçirilməsi bir çox hallarda ailələrin dağılmasına, insanların müflis olmasına, digər neqativ hallara səbəb olur. Qanunsuz oyunların keçirilməsi tamamilə dövlətin qoyduğu qayda-qanunlara, qanunvericiliyə ziddir. Çünki Azərbaycanda qanuni mərc və lotereya oyunları müvafiq qaydada dövlət tərəfindən nəzarətdədir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar tənzimlənir. Amma xaricdən Azərbaycan vətəndaşlarına təklif olunan bəzi qumar növləri ilə ciddi mübarizə aparılmalıdır. Əgər qanunsuz oyunlar varsa və bu oyunlardan əldə olunan vəsait xarici ölkələrə çıxarılırsa, bu, yolverilməzdir. Müvafiq orqanlarımız bununla bağlı lazımi tədbirlər həyata keçirilməlidir”.
Azərbaycanda qanuni mərc və lotereya oyunları müvafiq qaydada dövlət tərəfindən tənzimlənir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar, habelə “Azərlotereya” ASC-nin daxili siyasəti və prosedur sənədləri əsasında tənzimlənir. Qanunla müəyyən edilən zəruri şərtlər qaydalarda ətraflı şəkildə açıqlanır və “Azərlotereya”nın daxili sənədləri ilə şirkətin fəaliyyəti qanunvericiliyin tələblərinə tam uyğunlaşdırılır. “Azərlotereya” ASC lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli 599 saylı fərmanı ilə yaradılıb və həmin fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərlotereya” ASC-nin təsisçisi kimi müəyyən edilib.
“Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq keçirilmiş ani lotereyaya dair hesabatlar səlahiyyətli orqana təqdim olunur və məlumatlar təhlil edilərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edilir. Qanunvericiliyə uyğun olaraq oyunları keçirilən zaman təşkilatçı haqqında məlumat verilir, lotereyanın adı, keçirilmə forması, keçirilmə müddəti, uduş fondu, uduşlu biletlərin sayı, uduşların verilmə müddəti və s. məlumatlar göstərilir. Lotereyaların təşkili və keçirilməsinə nəzarət təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və müvafiq dövlət qurumu tərəfindən yoxlamalar əsasında həyata keçirilir.
Bu qaydalar təsdiq edir ki, qanuni oyunların keçirilməsinə dövlət nəzarəti var. Burada iştirakçıların hüquqları və mənafeyi qanunla qorunur. Yəni uduşların əldə edilməsində heç bir problem olmur. Bu gün “Azərlotereya” həm real uduş imkanı yaradır, həm də ən iri vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına töhfə verir.
Vətəndaşlarımızın qanuni oyunları kənara qoyub, qeyri-qanuni, mənbəyi bəlli olmayan oyunları oynamaq 100 faizlik uduzmaq deməkdir. Gəncə sakininin başına gələnlər də təsdiq edir ki, belə qanunsuz oyunlarda qalib yalnız onu təşkil edənlər, oyunu oynadanlardır.

