Qarabağ regionu Azərbaycanın tərkib hissəsidir. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan qanunverici orqanın iclası zamanı deyib.
Daha əvvəl müsahibəsində siyasətçi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladıb. Xatırladaq ki, bu sənədlər Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi statusunu təsdiq edir.
Bu bəyanatdan sonra Simonyanla daşnak Qeqam Manukyan arasında mübahisə yaranıb. Parlamentin sədri tribunadan opponentinin diqqətini ona yönəldib ki, beynəlxalq hüquqa görə Qarabağ bölgəsi həmişə Azərbaycanın tərkibində olub və heç kim, hətta Ermənistanın özü də separatçılıq istəklərini sənədləşdirməyib. Simonyan Ermənistanın inzibati-ərazi bölgüsü haqqında hələ Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl qəbul edilmiş qanuna da işarə edib. “Biz qanundan danışırıq və mənim açıqlamalarımda yeni heç nə yoxdur”, – Alen Simonyan deyib.
Qanunverici orqanın sədri həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı müzakirələri davam etdirməyə hazır olduğunu bildirib, lakin eyni zamanda Manukyanı nəyisə sübut etmək üçün hər xırda detaldan yapışmağa son qoymağa çağırıb. “Fakt faktlığında qalır: bəhs etdiyimiz ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belədir”. – Alen Simonyan vurğulayıb.
//Samir Qurbanov, Editor.az

