” Torpaqlarımızı tam azad görmək, Şuşada beynəlxalq tədbirlər keçirmək, Füzulidə beynəlxalq hava limanı inşa etmək və Qarabağı cənnətə çevirmək fikirləri bir il bundan əvvələ qədər bizə xəyal kimi gəlirdi. Çoxları da buna inanmırdı. Ancaq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, Müzəffər Ordumuzun cəsarəti, xalqımızın birliyi nəticəsində bu xəyallar bu gün reallığa çevrildi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili bildirib ki, artıq Qarabağın azadlığından deyil, digər tarixi torpaqlarımızın geri qaytarılmasından, tarixi ədalətin birdəfəlik bərpasından söz açılır:
“Cənab Prezident inamla bildirir ki, biz Qarabağa qayıtdığımız kimi vaxt gələcək həmin torpaqlarımıza da qayıdacağıq. Bu gün Şərqi Zəngəzur dəhlizinin açılması gündəmdədirsə, Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl şəhərlərinə çevriləcəyini söyləyirsə, əlbəttə, Qarabağın azadlığı ilə bağlı verilən söz kimi bu sözlər də həqiqətə çevriləcək. Biz bu gün xəyalların reallığa çevrildiyi xoş günləri yaşamaqla bərabər, həm də gələcək xoş günlərin, yeni qələbələrin inamı ilə ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşməli, nəyə qadir olduğumuzu dünyaya yeni ünvanlarla nümayiş etdirməliyik. Əminik ki, “Qarabağ Azərbaycandır” ifadəsi, vaxt gələcək “İrəvan Azərbaycandır” ifadəsi ilə əvəzlənəcək. Həmin günlərin ömrü uzaqda deyil və əminik ki, Azərbaycanın bütövlüyü uğrunda ölkə rəhbərinin apardığı mübarizə bütün dünyaya nümunədir”.
//Gülnarə Abasova, Editor.az

