“Qarabağ”dan azarkeşləri MƏYUS EDƏN QƏRAR – Bizdən bu qədər…backend

“Qarabağ”dan azarkeşləri MƏYUS EDƏN QƏRAR – Bizdən bu qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ovusu o deyil. “Qarabağ” Qəbələ Şəhər Stadionunda Azərbaycan Premyer Liqasının 4-cü turunda ilk üç turdan sonra “0” xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan debutant “Kəpəz”lə görüşdə Gəncə təmsilçisinin qapısına yol tapmaqda əməlli-başlı əziyyət çəkdi.

Zubirin matçın 45-ci dəqiqəsində vurduğu qol isə oyunda yeganə oldu. Halbuki bu oyuna əsas heyət oyunçularından zədəlilər və cəzalıların olduğu üçün itkilərlə çıxan “Kəpəz” ikinci hissənin əvvəllərindən bir oyunçu da azlıqda (Tural Rzayev 50-ci dəqiqədə birbaşa qırmızı vərəqə alıb) mübarizəni davam etdirmək məcburiyyətində qaldı.

İlk 11-liyə nəzər salsaq görərik ki, “Qarabağ”ın əsas heyətindən yalnız bir dəyişiklik var, o da hücum xəttində. Hələ İbrahimi Vadjidən sonra ön xəttə Ovusu Kvabenanın pressinq gücünün nə qədər zəif olduğunu, çərçivəyə düşmək bacarığının lazımı vəziyyətdə olmadığını demirəm. Çexiyanın “Viktoriya Plzen”lə səfərdəki oyunun ilk hissəsində bir dəfə də olsun qayda pozuntusuna yol verməyən “köhlən atlar”ın “Kəpəz”ə qarşı ilk 45 dəqiqədə kobduluğunun 6-nın üzərində olması, Ağdam təmsilçisində psixoloji durumun da yerində olmadığından xəbər verə bilər.

Yoxsa “Qarabağ”da büdcəsi büdcəsindən 10 dəfələrlə aşağı olan, heyətində 1000, 2 min maaşa oynayan futbolçuların cəmləşdiyi “Kəpəz”lə oyunda istər hücum, istərsə də xətlərarası əlaqə baxımından niyə bu qədər qarmaqarışıqlıq nəzərə çarpsın?!

“Qarabağ” düşərgəsində nə baş verir?

Niyə klub çoxdan komandanı tərk etmək istəyini dilə gətirən və məlum tarixdən buradan ayrılacağını bildiyi hücumçusunu (İbrahima Vadji Fransanın ən çox çempionluq titulunu qazanan “Sent-Etyen” klubuna 1,6 milyon avro qarşılığında transfer edildi) əvəzləyəcək alternativ transfer məsələsində aktivlik nümayiş etdirib, 6 gün sonra  Avropa Liqasında vacib oyuna çıxacağı təqdirdə bu boşluğu doldurmaq haqda praktiki addım atmadı? Klubun pulumu qurtardı? Bəs qazanılan 6-7 milyon dollar hara xərclənəcək? Ritorik olan bu suallara bir az aydınlıq gətirmək istəyirəm.

Görünən budur ki, 20 saat əvvəl transfer pəncərəsi bağlandığı üçün ən yaxşı halda “Qarabağ” azad agent transfer etməyi düşünə bilərdi ki, əlavə xərci çıxmasın. Yoxsa “Qarabağ” bu sezonluq da on minlərlə azarkeşinə “bu il də Avropa səhnəsinə çıxdıq, bizdən bu qədər” deyib, özfəaliyyətinin bundan ibarət olduğu mesajını verir? Çünki azad agent olan futbolçunu heyətinə qatan klub bilir ki, o futbolçuların çoxu ən azı 2 ay futbol oynamırlar. Onların çəkisi artıq olduğu kimi formasından da bir o qədər uzaq olurlar. Həmin legionerlərin yeni klubda həm formaya düşməsi, həm də adaptasiya müddəti həftələr, çox vaxt isə aylarla vaxt alır. Demək ki, hələ “Qarabağ” bizi bundan artığına sevindirmək fikrində deyil.

“Qarabağ”dan transfer gözləyənlərə o bəd xəbəri elə klubun çalışdırıcısı Q.Qurbanov Azərbaycan Premyer Liqasında “Kəpəzlə” oyundan sonrakı fləş müsahibə və mətubat konfransı zamanı verdi: “Yeni transfer olmayacaq, əlimizdəki oyunçularla qrup mərhələsinə hazırlaşacağıq”.

Bu, ən azı hər oyun stadionu ağzına qədər dolduran, ekran önündə 90 dəqiqə həyəcanla matçlarını izləyən, qələbə qazanması üçün günlərlə dualar edən azarkeşlərə çox böyük hörmətsizlik idi. Zərrə qədər də şübhə etmirəm ki, ürəyi “Qarabağ”la döyünən azarkeş klubun bu qərarına məyus olmadı.

Yoxsa “Qarabağ” rəhbərliyi düşünür ki, “Onsuz da bizdən başqa bu mövsüm də Avropada qruplara qalan ikinci Azərbaycan klubu olmadı. Ona görə də bizim bu nəticəmiz də Azərbaycan səviyyəsində böyük uğur hesab edilməlidir”?!

Görünən odur ki, “Qarabağ” qazandığı pulları ən azı bu dəfəlik klubun uğurlu çıxışı üçün xərcləmək əvəzinə biznes fəaliyyətinə sərf etmək barədə düşünür ki, Qurban Qurbanova da qruplarda bu heyətlə başına çarə qılmağı tapşırıb.

Hər kəsə yaxşı bəllidir ki, təcrübəli mütəxəssis klubun sükanı arxasında nə qədər qələbələr əldə etsə, nə qədər ilklərə, nailiyyətlərə imza atsa da, zəfərlərə hər zaman acdır. Qurbanov çox yaxşı anlayır ki, hazırki heyəti qorumaqla bir-iki əla legioneri də “Qarabağ”a qoşmasıyla qrupdan çıxmaq, ən azı Konfrans Liqasında Avropa həyəcanını davam etdirmək mümkündür. Çünki nəzərə almalıyıq ki, “Qarabağ” tarixinin ən güclü dövrünü yaşayır, qrup rəqibləri (“Nant” – Fransa, “Frayburq” – Almaniya, “Olimpiakos” – Yunanıstan) futbol ənənəsi olan ölkələrin təmsilçiləri olsalar da, TOP səviyyədə klublar hesab edilmirlər. Lakin dönüb “Qarabağ”ın qrupdakı rəqiblərinə baxanda görürük ki, onlarda transferlərlə bağlı vəziyyət tamamilə fərqlidir.

Əslində Qurban Qurbanov mətbuat konfransında klubun yeni strategiyasının üstünü açdı:

“Əlimdə olan futbolçulara güvənirəm. İki mövqeyə transfer istəyirdim, alınmadı. Ola bilər qışda alınsın, olmasa gələn yayda. Ümumən düşünürəm ki, Vadjinin transferi Azərbaycana marağı yüksəldəcək” deyən təcrübəli mütəxəssis xüsusilə son cümləsi ilə diqqətləri başqa bir məsələyə yönləndirdi.

Qurbanovun dediyindən belə anlaşıldı ki, “Qarabağ” klub olaraq bu UEFA Avropa Liqasının qrup mərhələsində əlindəki oyunçularla maksimum müsbət nəticə qazanmaqla heyətdəki oyunçulara 5-lik (İngiltərə, Fransa, Almaniya, İtaliya, İspaniya) liqalarından ən azı “Sent-Etyen” səviyyəsində klublarda karyeralarını davam etdirmək üçün meydan açaraq Avropanın adlı-sanlı çempionatlarında top qovmalarına şans verməyi düşünür.

Təbii ki, bunun bir səbəbi var – “Qarabağ” rəhbərliyi pul qazanmaq niyyətindədir! Görünür Vadjinin transferinden gələn paralardan klub rəhbərliyinin dişində şirə qalıb, “Qarabağ”ı bu işə biznes nöqteyi nəzərdən daha çox yanaşmağa vadar edir. Bu da Avropada Azərbaycanı son 8-9 ildə layiqincə təmsil edən “Qarabağ”ın siyasətində bir ilk, yenilikdir. Amma istənilən halda Ağdam təmsilçisi azarkeşlərinin istəyini nəzərə alaraq onların bu mövsüm daha uzun müddət sevinməsi məqsədilə yeni transferlərlə güclənməyə borclu idi.

Lakin PL-dəki son oyunu da göstərir ki, “Frayburq”, “Nant” və “Olimpiakos”un müdafiə xəttini hücumçusuz yarmaq, xallar qazanmaq mümkün olmayacaq. Elə isə ümid ancaq “Qarabağ”in AL-da möcüzə edəcəyini gözləməyə qalır.

milli.az