Xocalı rayonunun Fərrux və Pirlər kəndi ətrafında ermənilər yeni təxribatı gerçəkləşdirmək istəyirlər.
Onlar artıq iki həftədir ki, nəyin bahasına olursa-olsun, gərginlik yaratmaq, Rusiyanın bölgədə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti ilə Azərbaycanın Silahlı Qüvvələri arasında insident yaratmaq niyyətindədir.
Alınmır.
Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata nəzər salaq: “Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir”.
Ermənilər iddia edirlər ki, sən demə, “Azərbaycan tərəfinin PUA hücumu nəticəsində Xocalının Fərrux və Pirlər kəndi istiqamətində 14 nəfər erməninin yaralandığını iddia edir. Həkimlər 10 nəfərin vəziyyətini yüngül, birinin orta, birini ağır, digər iki nəfərin həddindən artıq ağır kimi qiymətləndirir”.
Bu gün Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan “Təhlükəsizlik Şurası”nın geniş iclasını keçirib.
O, Azərbaycanın sabitliyi pozan hərəkətləri ilə bağlı yeni gündəliyə ehtiyac olduğunu bildirib.
Onun sözlərinə görə, “Azərbaycan 2020-ci ilin noyabrında üzərinə götürdüyü öhdəlikləri pozaraq, Rusiya-Ukrayna münaqişəsindən istifadə edərək Qarabağda müxtəlif təxribatlara əl atıb”.
Arutyunyan ermənilərisakitləşməyə çağırıb: “Vəziyyəti sabitləşdirmək üçün Qarabağdakı Rusiya sülhməramlı qüvvələri ilə sıx əməkdaşlığı davam etdirəcək”.
Xankəndində ermənilər mitinq də keçirərək rusiyalı sülhməramlılardan “daha aktiv” olmalarını, onların “təhlükəsizliklərini təmin etməyə” çağırıblar.
Ermənilər iddia edirlər ki, dünən Azərbaycan ordusunun bölmələri Fərrux kəndinə daxil olublar. Eyni zamanda ermənilər həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib. Ermənistan buna görə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda ittiham etsə də, Azərbaycan tərəfi bunu rədd edərək burada mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını bildirib.
Fərrux və Pirlər kəndi ətrafında yaşanan hadisələr Qarabağdakı ermənilərin özfəaliyyətləri deyil.
Ssenarinin müəllifləri, həmişə olduğu kimi, Ermənistan hakimiyyəti və xarici ölkələrdəki erməni diasporudur.
Təsadüfi deyil ki, Xankəndindəki ermənilər isterikaya başlayan kimi rəsmi İrəvan da analoji məcrada fəallaşıb.
Ermənistanın müxtəlif siyasətçiləri, parlament mənsubları və ictimai xadimlər “Azərbaycanlılar qarabağlı erməniləri öldürür!” tipli bəyanatlar verəndən sonra XİN başçısı Ararat Mirzoyan “baş verənlərə operativ reaksiya” məcrasında fəaliyyətə başlayıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın dövlət katibinin köməkçisi Donfirdə zəng vuraraq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazilərini qanunsuz erməni silahlılarından təmizləməsi əməliyyatlarına görə şikayət edib.
Daha sonra isə onun “Qarabağdakı vəziyyətlə bağlı” açıqlamaları başlayıb.
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların fonunda diqqəti cəlb eğməyə çalışan rəsmi İrəvan Əsgəran və Xocalı rayonlarında vəziyyəti qəsdən gərginləşdirməyə çalışır, bu da alınmayanda gərginlik fonu yaratmaq istəyir.
Halbuki situasiya beynəlxalq hüquq baxımınldan absurd səviyyədədir.
Azərbaycan ərazisi olan Xocalı və Əsgəranla bağlı Ermənistanın xarici işlər nazirinin hansısa formada, yaxud məzmunda və ya formatda çıxış edərək tələblər irəli sürməyə haqqı yoxdur.
Bəhs etdiyimiz yaşayış məntəqələri Azərbaycanın suveren əraziləri olduğundan A.Mirzoyanın “tələb”ləri ölkəmizin daxili işlərinə müdaxilə, Azərbaycana qarşı ərazi iddiaları, aşkar şovinizm və irqçilikdir.
Fərrux, Xramort və Pirlər kəndlərində məskunlaşmış ermənilərin silahlanaraq “könüllü ərazi özünümüdafiə qüvvələri” yaratmaları barədə Xankəndində səslənən açıqlamalara gəldikdə isə, bu, ermənilərin bıçağı öz sümüklərinə dirəməsidir.
Rusiyalı sülhməramlıların operativ-nəzarət arealında silahlı ermənilərin dolaşması – onlar dolaşırlar və bunu əks etdirən çoxsaylı fotolar və videoçəkilişlər mövcuddur – 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə ermənilərin əməl etmədiklərinə daha bir bariz sübutdur.
Sözügedən sənədin 4-cü bəndinə uyğun olaraq bütün qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və ərazidən çıxarılmalıdır. Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın bütün bəndlərinin, xüsusilə bu bəndin icrasına bu günə qədər təmin etməli idi, amma etməyib və etməyə də tələsmir.
Tam əksinə, rusiyalı sülhməramlılar erməni silahlıların yeni mövqelər yaradaraq səngərlər qazmalarına, müdafiə məntəqələri və istehkamlar yaratmalarına mane olmur, belə fəaliyyətlərin qarşısını almırlar.
Fərrux kəndi isə adi yaşayış məntəqəsi deyil.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.
1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib.
Fərrux kəndi və Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yerdir. 1905 və 1918-ci ildə Qarabağda baş verən erməni-müsəlman davasında da Fərruxun strateji üstünlüklərindən ermənilər yararlanmışdılar.
Zori Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndinin Ağdama tərəfə olan hissəsindəki müdafiəsi sıra ilə inşa edilmiş bir neçə evin qarşısı boyu tikilmiş “topdağıtmaz” dəmir-beton istehkamdır Kəndin ən böyük müdafiəsi isə Fərrux dağının düz zirvəsində yerləşən “Dağ başı” postudur.
… Azərbaycan ərazisində baş verən proseslərə görə məhz Azərbaycan məsuliyyət daşıyır. Silahlı təxribatlar, diversiya və hücumlar isə kimlər tərəfindən törədilməsindən asılı olmayaraq, terrorizmdir.
İndiki vəziyyətdə erməni terrorizmi…
Milli.az

